Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ
Qastroenteroloq Edmundo A. Rodriges-Frias daha yaxşı həzm və ümumi sağlamlıq üçün axşam saatlarında həddindən artıq çox yeməkdən çəkinməyi məsləhət görüb.
Redaktor.az xəbər verir ki, həkim tövsiyələrini “Eating Well” nəşri ilə bölüşüb.
Mütəxəssisin sözlərinə görə, gec saatlarda yeyilən bol yemək mədənin genişlənməsinə səbəb olur. Bu isə qida borusunun aşağı sfinkterinin müvəqqəti boşalmasına gətirib çıxara bilər.
Həkim xəbərdarlıq edib ki, çox yeməkdən sonra uzanmaq mədə turşusunun qida borusuna geri qayıtmasına səbəb ola bilər. Nəticədə insanda mədə yanması və reflüks əlamətləri yaranır.
Qastroenteroloq əlavə edib ki, reflüks yalnız həzm sisteminə mənfi təsir göstərmir, həm də yuxunun keyfiyyətini aşağı salır.
Onun istinad etdiyi araşdırmaya görə, reflüks əlamətlərini həftədə bir dəfədən çox yaşayan insanlarda dörd il ərzində yuxu keyfiyyətinin pisləşməsi ehtimalı bu simptomlarla ayda bir dəfədən az qarşılaşanlarla müqayisədə 53 faiz yüksək olub.
Xədicə BAXIŞLI













