Yod çatışmazlığına nə kömək edir? - Həkimdən AÇIQLAMA
Dəniz kələminin (laminariya) tərkibində yüksək miqdarda yod olsa da, yalnız bu məhsuldan istifadə etməklə orqanizmdə yod çatışmazlığını aradan qaldırmaq mümkün deyil. Üstəlik, onun həddindən artıq istehlakı sağlamlıq üçün təhlükə yarada bilər.
Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Natalya Tananakina “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, yetkin insanın gündəlik yod ehtiyacı 150 mikroqram təşkil edir. Lakin dəniz yosunlarının tərkibindəki yodun miqdarı onların toplandığı ərazidən, mövsümdən, suyun temperaturundan və emal üsulundan asılı olaraq kəskin dəyişir. Belə ki, bir porsiya dəniz kələmində 20 mikroqramdan 2000 mikroqrama qədər yod ola bilər.
O qeyd edib ki, yod çatışmazlığını aradan qaldırmaq məqsədilə bu məhsulun həddindən artıq istehlakı orqanizmdə yodun normadan artıq toplanmasına səbəb ola bilər. Bu isə yodun təsiri ilə yaranan tireotoksikoz, autoimmun tireoidit və qalxanabənzər vəz hormonlarının sintezinin pozulması ilə nəticələnə bilər.
Həkim əlavə edib ki, dəniz kələmi qaynadıldıqda, marinad edildikdə və ya duzlandıqda tərkibindəki yodun əhəmiyyətli hissəsi itir. Eyni zamanda, bitkilərdəki üzvi yod birləşmələri yodlaşdırılmış məhsullarda istifadə edilən kalium yodid kimi qeyri-üzvi duzlarla müqayisədə daha çətin mənimsənilir.
Mütəxəssis yod çatışmazlığının profilaktikası üçün yalnız dəniz kələminə güvənməyin düzgün olmadığını vurğulayıb.
NURİYYƏ













