"Hazırda ölkəmizdə COVID-19-a yoluxanlar, hətta bu virusdan ölənlər də var" - AÇIQLAMA
İranda qrip və COVID-19-a yoluxma halları artır. Artıq ölüm faktları da qeydə alınır. Bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçek məlumat verib.
Bəs maraqlıdır COVID-19 yenidən Azərbaycana da qayıda bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, COVID-19 pandemiyası başa çatsa da, virusun yayılması davam edir:
"Omikron ştamının mutasiya variantları hələ də mövcuddur. Bəzən Avropada və digər ölkələrdə ayrı-ayrı vaxtlarda COVID-19 epidemiyalarının baş verdiyini eşidirik. İranda da baş verən proses bu baxımdan istisna deyil. Azərbaycanda da COVID-19 tamamilə aradan qalxmayıb. Hazırda ölkəmizdə bu virusa yoluxanlar, hətta COVID-19 səbəbindən dünyasını dəyişənlər də var. Ona görə də virusun İrandan Azərbaycana keçməsində təəccüblü heç nə yoxdur. Hesab edirəm ki, ümumiyyətlə, diqqətli olmalıyıq. Xüsusilə payız fəslində təkcə COVID-19-a deyil, digər virus infeksiyalarına və qripə qarşı da mübarizə aparmaq, yoluxmamaq üçün tədbirlər görmək lazımdır. Maska taxmaq, məsafə saxlamaq, həm özümüzü, həm də ətrafımızdakı insanları qorumaq vacibdir".
Xədicə BAXIŞLI













