Öskürən uşaqlara banka qoymaq olmaz - Həkimdən XƏBƏRDARLIQ

 21:28 05.11.2026     68

"Öskürən uşaqlarla bağlı valideynlərin yol verdiyi bəzi səhvlər var ki, bunlar uşağın sağlamlığı üçün ciddi təhlükə yarada bilər. İlk növbədə, uşağa həkim məsləhəti olmadan antibiotik vermək olmaz. Antibiotiklər hər öskürək zamanı istifadə edilmir və onların əsassız qəbulu uşağın sağlamlığına mənfi təsir göstərə bilər".

Redaktor.az xəbər verir ki, bu sözləri həkim-pediatr Günay Rəsulova sosial media paylaşımında deyib.

"İkinci növbədə, həkimlə məsləhətləşmədən uşaqlara öskürək siropları, xüsusilə də bəlğəmgətirici preparatlar vermək düzgün deyil. Bu, xüsusilə körpələr üçün təhlükəli ola bilər və tənəffüs yollarında yaranan ifrazatın xaric edilməsində çətinliklərə səbəb ola bilər.

Üçüncü növbədə, öskürən uşağı siqaret və elektron siqaret tüstüsünün olduğu mühitdə saxlamayın. Tüstü tənəffüs yollarını qıcıqlandıraraq öskürəyi daha da gücləndirə və uşağın vəziyyətini ağırlaşdıra bilər.

Dördüncü növbədə, öskürəyi tamamilə dayandırmağa çalışmaq olmaz. Çünki öskürək orqanizmin müdafiə mexanizmlərindən biridir. Bu refleks tənəffüs yollarında toplanan seliyin və yad hissəciklərin xaric edilməsinə kömək edir. Buna görə də öskürəyin səbəbini müəyyənləşdirmədən onu dərman vasitəsilə boğmağa çalışmaq düzgün yanaşma deyil.

Beşinci növbədə, uşağın burnunu təzyiqlə su vuraraq yumağa çalışmayın. Xüsusilə körpələrdə bu cür müdaxilə mayenin tənəffüs yollarına keçməsi və boğulma riski yarada bilər. Burun təmizliyi yaşa uyğun və təhlükəsiz üsullarla aparılmalıdır".

O əlavə edib ki, öskürən uşağa banka qoymaq və xalq arasında türkəçarə kimi tanınan, sağlamlığına zərər verə biləcək prosedurları tətbiq etmək olmaz:

"Əgər uşaq öskürür, təngnəfəs olur, qarın əzələlərini işlədərək nəfəs alır, ağız ətrafında göyərmə müşahidə edilir, həddindən artıq halsızlaşır, süstləşir və ya qidadan imtina edirsə, vaxt itirmədən tibbi yardım almaq lazımdır. Belə hallarda uşağı evdə siroplarla müalicə etməyə çalışmaq əvəzinə dərhal həkimə müraciət edilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən