Alimlər dərman ötürən və tər analiz edən ağıllı plastır hazırladılar
Cənubi Koreyanın Çonbuk Milli Universitetinin alimləri hanji kağızı əsasında nəfəsalan plastır prototipi hazırlayıblar. Qurğu potensial olaraq dərmanların dəri vasitəsilə çatdırılması üçün mikroskopik iynələri və tərdə sidik turşusunun miqdarını ölçən sensoru özündə birləşdirir.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Chemical Engineering Journal” jurnalında dərc olunub.
Tədqiqatçılar bildiriblər ki, geyilə bilən cihazlarda istifadə olunan ənənəvi əsas materiallar nəmi saxlaya və tərin xaric olmasını çətinləşdirə bilər. Tut ağacının liflərindən hazırlanan hanji kağızının məsaməli quruluşu isə nəmin keçməsinə imkan verir. Bu xüsusiyyət onu belə cihazlar üçün uyğun materiala çevirir.
Alimlər kağız əsasın üzərində işıqla 3D çap üsulu vasitəsilə əlavə yapışdırıcı qat olmadan mikroskopik iynələr hazırlayıblar. İynələrin formasının dəyişdirilməsi onların model maddəni daha çox həcmdə saxlamağa imkan verib. Yüklənmiş model boyanın təxminən 56 faizi 80 saat ərzində sərbəst buraxılıb.
Təcrid olunmuş siçovul dərisi üzərində aparılan sınaqlarda mikroskopik iynələr strukturunu qoruyaraq təxminən 954 mikrometr dərinliyə nüfuz edib.
Bundan əlavə, tərdəki sidik turşusunun miqdarını ölçən elektrokimyəvi sensor sınaqdan keçirilib. Sensor litr başına 0,01–8 mikromol diapazonunda işləyib. Tər nümunələrinin təhlilinin nəticələri laboratoriya kütlə spektrometriyası ilə əldə olunan göstəricilərlə uyğunluq nümayiş etdirib.
Qurğuya inteqrasiya olunan simsiz modul sensorun göstəricilərini ötürməyə imkan verib.
Qeyd edək ki, daha əvvəl Rusiyada buynuz qişanın bərpası üçün şəffaf karkas hazırlanıb.
Xədicə BAXIŞLI













