Diş minasını bu üsulla bərpa etmək OLAR

 17:31 06.11.2026     67

Alimlər diş minasının bərpasına kömək edən zülal tərkibli gel hazırlayıblar.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Nottingem Universitetinin tədqiqatçıları və onların həmkarları zədələnmiş diş minasının mineral strukturunu bərpa etməyə kömək edən xüsusi örtük hazırlayıblar. Tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.

Diş minası insan orqanizminin ən sərt toxuması hesab olunur. Lakin diş formalaşdıqdan sonra mina özünü əvvəlki kimi bərpa edə bilmir. Onun möhkəmliyi yalnız mineral tərkibindən deyil, kristalların düzgün yerləşməsindən də asılıdır.

Alimlərin hazırladığı material elastinə bənzər zülal molekullarından ibarətdir. Bu örtük dişin inkişafı zamanı mina əmələ gəlməsini istiqamətləndirən təbii strukturu təqlid edir. Beləliklə, apatit kristallarının düzgün istiqamətdə böyüməsinə və mövcud mina səthi ilə birləşməsinə kömək edir.

İnsan dişlərinin nümunələri üzərində aparılan laboratoriya təcrübələrində qalınlığı 10 mikrometrədək olan minerallaşmış təbəqə əldə edilib. Tədqiqatçılar onun quruluşunu, mexaniki xüsusiyyətlərini, turşuya və gündəlik çeynəmə prosesini təqlid edən yüklənmələrə davamlılığını qiymətləndiriblər.

Yeni üsul müxtəlif dərəcədə zədələnmiş diş səthlərində, o cümlədən minanın altındakı dentin təbəqəsinin üzə çıxdığı hallarda da perspektivli nəticələr göstərib.

Alimlər hesab edirlər ki, gələcəkdə bu texnologiya diş minasının aşınması və həssaslığının aradan qaldırılmasında istifadə oluna bilər. Bununla belə, üsulun klinik praktikada tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən