Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin
"Uşaqlara dərman verərkən dozanın düzgün ölçülməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə sirop və digər maye dərmanların mətbəx qaşıqları ilə ölçülməsi yanlış dozalanmaya səbəb ola bilər"/
Redaktor.az xəbər verir ki, pediatr Şəbnəm Bağırova bu barədə valideynlərə xəbərdarlıq edib. O bildirib ki, pediatrlar dərman reseptlərində siropların dozasını adətən millilitrlə (mL) qeyd edirlər:
"Lakin bəzi hallarda valideynlər multivitamin və ya balıq yağı kimi preparatları qaşıqla ölçərək uşaqlara verirlər. Evlərdə istifadə olunan adi çay qaşıqlarının tutumu 2,5-7,3 millilitr arasında dəyişə bilər. Bu səbəbdən mətbəx qaşıqları dərman dozasını ölçmək üçün etibarlı vasitə hesab edilmir".
Pediatr qeyd edib ki, Amerika Pediatriya Akademiyası (AAP) da maye dərmanların dozasının yalnız millilitrlə ölçülməsini tövsiyə edir:
"Maye dərmanların ölçülməsi üçün üzərində mL göstəriciləri olan iynəsiz şprislərdən istifadə edilməsi daha məqsədəuyğundur. Alternativ olaraq, dərmanın qablaşdırmasından çıxan ölçü qaşıqlarına və ya millilitr göstəriciləri olan dozalama vasitələrinə üstünlük verilə bilər. Əgər dərmanın dozası reseptdə qaşıqla göstərilibsə, onun neçə millilitrə uyğun gəldiyini həkimdən və ya əczaçıdan dəqiqləşdirmək lazımdır".
Həkim valideynlərə xatırladıb ki, uşaqlara dərmanın təyin olunmuş dozadan az və ya çox verilməsi ciddi fəsadlara səbəb ola bilər.
Xədicə BAXIŞLI













