Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?
Həkim-terapevt Aleksey Vodovozov qış aylarında orqanizmi C vitamini ilə təmin etmək üçün ən uyğun məhsulun çaytikanı olduğunu bildirib. Onun sözlərinə görə, bu giləmeyvə dondurulduqdan sonra da vitamin tərkibini uzun müddət qoruyur.
Redaktor.az xəbər verir ki, bu barədə həkim RT-yə açıqlamasında danışıb.
Vodovozovun sözlərinə görə, C vitamini ən çox çaytikanında olur. Maraqlıdır ki, giləmeyvə təxminən altı ay dondurucuda saxlanıldıqdan sonra da tərkibindəki C vitamininin miqdarı təzə halda olduğu qədər qalır.
Həkim portağal, qırmızı və yaşıl bibəri də C vitamininin yaxşı mənbələri sırasında göstərib.
O, vitaminlərlə zəngin qidaların müntəzəm qəbul edilməsinin vacibliyini vurğulayıb:
“Yadda saxlamaq lazımdır ki, qidalanma müntəzəm olmalıdır. Yəni ilin istənilən fəslində, havada nə baş verməsindən asılı olmayaraq, vitaminlərlə zəngin qidalar qəbul etməliyik”.
Qeyd edək ki, daha əvvəl alimlər D vitamininin qəbulu üçün ən uyğun vaxtın səhər saatları olmadığını müəyyənləşdiriblər. Həmçinin bu vitaminin çatışmazlığı ilə mübarizənin fərqli üsulu açıqlanıb.
Xədicə BAXIŞLI













