Yuxudan əvvəl bu qida və içkilərdən uzaq durmaq tövsiyə OLUNUR
Bəzi qida və içkilər yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa səbəb ola bilər. Xüsusilə yağlı yeməklər, kofein və spirtli içkilər yuxunun keyfiyyətinə mənfi təsir göstərir.
Redaktor.az xəbər verir ki, bu barədə nevroloq və somnoloq Nikolay İlyin “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, ağır və yağlı qidalar gec həzm olunur. Buna görə də yatmazdan əvvəl bol yemək mədədə ağırlıq, qıcqırma və reflüks yarada bilər.
Fastfud, şirin qazlı içkilər, çərəzlər, sənaye üsulu ilə hazırlanan şirniyyatlar və emal edilmiş ət məhsulları da yuxuya mane ola bilər. Bəzi insanlarda paxlalılar və müəyyən kələm növləri köp yaradır, acı və turş qidalar isə qıcqırmanı gücləndirir.
İlyin kofe və spirtli içkilərin də yuxuya mənfi təsir etdiyini vurğulayıb.
“Yatmazdan əvvəl bir qədəh şərab içmək rahatlamaq üçün yaxşı üsul kimi görünə bilər. Spirt həqiqətən yuxululuq yaradır və daha tez yuxuya getməyə kömək edir. Lakin eyni zamanda REM yuxusunun müddətini azaldır. Spirtin sakitləşdirici təsiri zəiflədikcə isə yuxu daha tez-tez pozulur”, – deyə nevroloq izah edib.
Onun sözlərinə görə, kofein də yuxunun müddətini azalda bilər. Buna görə həkim sonuncu fincan qəhvənin yatmazdan ən azı doqquz saat əvvəl içilməsini tövsiyə edib.
İlyin yatmazdan əvvəl yeməkdən tamamilə imtina etməyin vacib olmadığını da qeyd edib. Əgər aclıq hissi yaranarsa, az miqdarda yoqurt və ya kəsmik yemək olar.
Qeyd edək ki, bundan əvvəl endokrinoloq Viktoriya Qonçar axşam saatlarında çips və şirniyyat yeməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu qidalar günün həmin vaxtında insulinin təsirinin artmasına səbəb ola bilər.
Xədicə BAXIŞLI













