Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR
Müntəzəm yüksək intensivlikli fiziki məşqlərin sümük mübadiləsini əks etdirən osteokalsin zülalının səviyyəsini artırdığı müəyyən edilib. Lakin adi güc məşqləri və aşağı intensivlikli dözümlülük məşqləri bu göstəricidə nəzərəçarpacaq dəyişiklik yaratmayıb.
Redaktor.az xəbər verir ki, bu nəticəyə Macarıstanın Semmelweis Universitetinin alimləri 24 elmi araşdırmanın nəticələrini birləşdirərək gəliblər. Tədqiqatın nəticələri 2026-cı ilin iyununda “Sports Medicine – Open” jurnalında dərc olunub.
Meta-analizə sağlam 1238 yetkin insanın iştirak etdiyi randomizə edilmiş tədqiqatlar daxil edilib. İştirakçılar iki həftədən artıq müddətdə müxtəlif fiziki məşq proqramlarında iştirak ediblər. Alimlər dözümlülük, güc və qarışıq məşqlərlə yanaşı, fiziki yüklənmənin intensivliyini də müqayisə ediblər.
Osteokalsin sümük toxumasının yaranmasında iştirak edən hüceyrələr tərəfindən istehsal olunan zülaldır. Onun qandakı səviyyəsinin dəyişməsi sümük mübadiləsinin necə reaksiya verdiyini izləməyə imkan verir. Bununla belə, bu göstərici təkbaşına sümüklərin nə dərəcədə möhkəmləndiyini göstərmir.
Araşdırmada osteokalsin səviyyəsinin ən nəzərəçarpacaq artımı yüksək intensivlikli məşqlər edən qrupda müşahidə olunub. Ayrı-ayrı tədqiqatlarda həvəskar futbol və həndbol məşqlərinin sümük yaranması markerlərini təxminən 45-46 faiz artırdığı müəyyən edilib.
Bunun əksinə olaraq, güc məşqləri və daha aşağı intensivlikli dözümlülük məşqləri üzrə ümumiləşdirilmiş nəticələrdə osteokalsin səviyyəsində inandırıcı dəyişiklik aşkarlanmayıb. Həmçinin araşdırılan güc və dözümlülük məşqlərindən sonra sümüklərin mineral sıxlığında əhəmiyyətli artım qeydə alınmayıb.
Alimlər hesab edirlər ki, qəfil sürətlənmələr, istiqamət dəyişmələri və digər dinamik hərəkətlər sümüklərə daha güclü mexaniki təsir göstərərək onların mübadiləsini stimullaşdıra bilər.
Bununla belə, tədqiqat müəllifləri yüksək intensivlikli məşqlərin təsiri ilə bağlı sübutların etibarlılıq səviyyəsinin orta və ya aşağı qiymətləndirildiyini vurğulayıblar.
NURİYYƏ













