Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR
ABŞ-nin Şimal-Şərq Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm olaraq musiqi alətində ifa edən 7-9 yaşlı uşaqlar intellekt, yaddaş və təhsil bacarıqlarının yoxlanıldığı testlərdə musiqi təhsili almayan həmyaşıdlarından daha yüksək nəticə göstərirlər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Developmental Cognitive Neuroscience” jurnalında dərc olunub.
Alimlər FITKids2 tədqiqatında iştirak edən 175 uşağın məlumatlarını təhlil ediblər. Onlardan 38-i həftədə 30 dəqiqədən çox musiqi ilə məşğul olub. Uşaqlar əsasən fortepianoda, daha az hallarda isə skripka, violonçel, gitara və ukuleledə ifa ediblər.
Tədqiqatçılar musiqi ilə məşğul olan uşaqların koqnitiv test və akademik bacarıq göstəricilərini yaş, cins və ailənin sosial-iqtisadi vəziyyətinə görə uyğunlaşdırılmış digər uşaqların nəticələri ilə müqayisə ediblər.
Musiqi təhsili alan uşaqlar ümumi intellekt, təfəkkür, şifahi anlama, məkan qavrayışı və işçi yaddaş üzrə daha yüksək göstəricilər nümayiş etdiriblər. Onlar həmçinin oxu, riyaziyyat və yazı tapşırıqlarını daha yaxşı yerinə yetiriblər.
İştirakçıların bir qismində alimlər beynin müxtəlif sahələrini birləşdirən sinir liflərindən ibarət ağ maddənin quruluşunu da araşdırıblar. Xüsusilə səs məlumatlarının emalı, nitq və hərəkətlə əlaqəli sahələri birləşdirən qövsvari sinir dəstəsinə diqqət yetirilib.
Musiqi ilə məşğul olan uşaqlarda bu sinir yolunun sağ yarımkürədə eşitmə və hərəkət sahələrini birləşdirən hissəsində mümkün fərqlər aşkarlanıb. Lakin statistik düzəlişdən sonra nəticə əhəmiyyətini itirib. Buna görə də musiqi məşğələlərinin beynin həmin hissəsinin quruluşunda dəyişiklik yaratdığını qəti şəkildə söyləmək mümkün deyil.
Tədqiqat müəllifləri vurğulayıblar ki, araşdırma musiqi ilə məşğul olmağın birbaşa intellekti artırdığını sübut etmir. Musiqi alətində ifa edən uşaqların digər inkişafetdirici fəaliyyətlərdə daha çox iştirak etməsi və ya ailələrindən daha geniş dəstək alması da nəticələrə təsir göstərə bilər. Bundan əlavə, araşdırmada uşaqların musiqi təhsilinin müddəti və ifaçılıq səviyyəsi qiymətləndirilməyib.
Qeyd edək ki, alimlər daha əvvəl yaşlı insanların beyin fəaliyyətinə təsir edən məşğuliyyətlərin kişilərə və qadınlara fərqli təsir göstərdiyini açıqlayıblar.
Xədicə BAXIŞLI













