Həm çox nazik, həm də geniş bel TƏHLÜKƏLİDİR
Bel çevrəsinin normadan həm böyük, həm də kiçik olması insanlarda ölüm riskinin artması ilə əlaqələndirilib. Bu nəticəyə Cənubi Koreyada 17,2 milyondan çox yetkin insanın sağlamlıq göstəricilərini təhlil edən tədqiqatçılar gəliblər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Epidemiology and Community Health" (JECH) elmi jurnalında dərc olunub.
Alimlər 2009–2010-cu illərdə aparılan tibbi müayinələrin nəticələrini araşdırıb və iştirakçıların sağlamlıq vəziyyətini təxminən 14 il ərzində izləyiblər. Bu müddət ərzində təxminən 1,57 milyon nəfər vəfat edib.
Tədqiqatın nəticələrinə görə, ölüm riskinin ən aşağı olduğu bel çevrəsi kişilərdə 80–94 santimetr, qadınlarda isə 75–89 santimetr təşkil edib. Bununla belə, bel çevrəsi bu göstəricilərdən həm yüksək, həm də aşağı olduqda ölüm riski artıb.
Araşdırmada müəyyən edilib ki, cins, yaş və bədən kütləsi indeksinə (BKİ) görə orta göstəricidən daha geniş belə malik insanlarda bel çevrəsinin hər əlavə 5 santimetr artması kişilərdə ölüm riskini 16 faiz, qadınlarda isə 14 faiz yüksəldib. Bu əlaqə xüsusilə yaşlı insanlarda, o cümlədən 75 yaşdan yuxarı qadınlarda daha güclü müşahidə olunub.
Alimlər bel çevrəsinin azalması ilə ümumi çəki itkisinin təsirlərini də müqayisə ediblər. Nəticələrə əsasən, artıq çəkisi az olan, lakin bel çevrəsi genişlənmiş insanlarda bədən çəkisinin 7–8 faiz azalması ölüm riskinin aşağı düşməsi ilə əlaqələndirilib. Bununla yanaşı, bədən kütləsi indeksi dəyişmədən bel çevrəsinin 5 santimetr azalması daha aşağı risk göstəricisi ilə bağlı olub.
Tədqiqatçılar bunu daxili orqanların ətrafında toplanan visseral piylərin azalması, eyni zamanda əzələ kütləsinin qorunması və ya artması ilə izah edirlər. Onların fikrincə, yalnız kalori məhdudlaşdırılması hesabına arıqlayan insanlarda piylə yanaşı əzələ kütləsi də azala bilər. Bu isə çəki itkisinin sağlamlığa müsbət təsirini zəiflədə bilər.
Müəlliflər qeyd ediblər ki, araşdırma müşahidə xarakteri daşıyır və bel çevrəsinin dəyişməsinin birbaşa ömür uzunluğuna təsir etdiyini sübut etmir. Həmçinin nəticələr bütün insanların eyni bel ölçüsünə sahib olmağa çalışmalı olduğu anlamına gəlmir. Bu göstərici yaş, cins və bədən kütləsi indeksi nəzərə alınmaqla qiymətləndirilməlidir.
NURİYYƏ













