Gündəlik 30 dəqiqəlik gəzinti orqanizmə necə təsir edir?
Gündəlik gəzinti qan təzyiqinin aşağı salınmasına, ürək-damar sisteminin sağlamlığının qorunmasına, sümük və oynaqların möhkəmlənməsinə kömək edir.
Redaktor.az xəbər verir ki, bu barədə ümumi praktikant Syuzan Uayli “HuffPost” nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, gündəlik 30 dəqiqəlik gəzinti belə ürək və qan damarlarının sağlamlığına müsbət təsir göstərir. Müntəzəm fiziki aktivlik əzələləri və sümükləri gücləndirir, sağlam çəkini qorumağa, yaşlılıq dövründə osteoporoz riskini azaltmağa və hərəkətliliyi saxlamağa kömək edir.
Uayli Yaponiyada geniş yayılan interval gəzinti üsulunun da faydalarına diqqət çəkib. Bu üsul zamanı insan üç dəqiqə normal, üç dəqiqə isə yüksək sürətlə yeriyir.
Həkim bildirib ki, bu cür növbəli gəzinti ürək-damar sağlamlığı üçün əlavə faydalar verə bilər. Ümumilikdə isə müntəzəm fiziki fəaliyyət bədən duruşuna, nəfəsalmaya və diqqətə də müsbət təsir göstərir.
Aytəkin TOFİQQIZI













