Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? - Həkim AÇIQLADI

 16:24 24.11.2026     36

Yatmazdan əvvəl su içmək istəyinin yaranması əksər hallarda qidalanma, spirtli içki qəbulu və otaqdakı havanın quru olması ilə əlaqədardır. Lakin davamlı susuzluq bəzi xəstəliklərin, o cümlədən diabetin əlaməti də ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux “RT” telekanalına açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, duzlu və zülalla zəngin qidalarla ağır şam yeməyi, spirtli içki qəbulu və yataq otağında havanın quru olması gecə susuzluğuna səbəb ola bilər.

Bununla yanaşı, davamlı susuzluq orqanizmdə karbohidrat mübadiləsinin pozulması ilə əlaqəli ola bilər. Diabet zamanı qanda şəkərin artması böyrəklərin daha çox işləməsinə və maye itkisinə səbəb olur. Böyrək xəstəlikləri və qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntular da bu əlamətlə müşayiət oluna bilər.

Mütəxəssis qeyd edib ki, bəzi dərman preparatları, xüsusilə sidikqovucu vasitələr də susuzluq yarada bilər. Yuxu zamanı ağızdan nəfəs almaq, burun tutulması və yuxu apnesi də ağız boşluğunda quruluğa səbəb olan amillərdəndir.

Həkim davamlı susuzluğun səbəbini müəyyənləşdirmək üçün qanda şəkərin səviyyəsinin, sidik və qanın sıxlığının yoxlanılmasını, zərurət yarandıqda isə hormon analizlərinin aparılmasını tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən