40 yaşdan sonra çəkiyə nəzarət etmək üçün nə etməli? - Dietoloq AÇIQLADI

 09:38 26.11.2026     72

40 yaşdan sonra maddələr mübadiləsi kəskin şəkildə yavaşlamır, lakin orqanizmdə baş verən dəyişikliklər səbəbindən çəki itirmək çətinləşə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim-dietoloq Mariyana Cütova bildirib.

Onun sözlərinə görə, yaş artdıqca əzələ kütləsi azalır, fiziki aktivlik zəifləyir və hormonal fonda dəyişikliklər baş verir. Xüsusilə qadınlarda menopauza öncəsi dövr və menopauza bu prosesdə mühüm rol oynayır.

Həkim qeyd edib ki, nəticədə orqanizm daha az enerji sərf edir. Lakin çəki artımı hər zaman maddələr mübadiləsinin yavaşlaması ilə bağlı deyil. Stress, qəbul edilən dərmanlar və qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntular da çəkiyə təsir edə bilər.

Dietoloqun fikrincə, maddələr mübadiləsini sürətləndirmək üçün möcüzəvi üsullar axtarmaqdansa, orqanizmin enerjidən daha səmərəli istifadə etməsinə kömək etmək vacibdir.

Bunun üçün ilk növbədə əzələ kütləsini qorumaq lazımdır. Həftədə 2-3 dəfə güc məşqləri etmək, gəzmək və gündəlik fiziki aktivliyi artırmaq tövsiyə olunur.

Cütova bildirib ki, 40 yaşdan sonra ən böyük səhvlərdən biri qida qəbulunu kəskin azaltmaqdır. Sərt pəhrizlər və aclıq əzələ kütləsinin itirilməsinə, yorğunluğa və sonradan yenidən çəki artımına səbəb ola bilər.

Həkim əlavə edib ki, orqanizmin normal fəaliyyəti üçün zülalla zəngin qidalar, tərəvəzlər, lif və faydalı yağlardan ibarət balanslı qidalanma vacibdir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən