Uşaqlara bu qidaları VERMƏYİN! Valideynlər mütləq oxusunlar

 14:00 06.04.2019     2684

Cəmiyyətin ən həssas yanaşdığı məsələlərdən biri olan uşaq sağlamlığı son günlər gündəmin əsas mövzularından birinə çevrilib.

Buna başlıca səbəb isə “Molyutka 2” uşaq qidasının içərisindən çıxan qum oldu. Hadisənin təxribat olması ilə bağlı xəbərlər yayılsa da, problem hər kəsin diqqətini bu istiqamətə yönəltdi. Belə ki, bütün valideynlər artıq ana südü olmadığı halda, körpələrini nece sağlam qidalandıra biləcəyini düşünür.

Araşdırmamız “ana süddən kəsilibsə, süni qidalar da təhlükəlidirsə, uşağı necə sağlam qidalandırmaq olar?” sualı ətrafında yaranıb. Redaktor.az – a açıqlama verən uzman pediatr Ülvi Əliyev məsələ ilə bağlı bütün günahı analarda gördüyünü bildirib:

“Hər şeydən öncə bu məsələdə bütün günahı gənc analarda görürəm. İndiki analar normal doğuşdan imtina edib, bədən formalarını qorumaq, daha az əziyyət çəkmək üçün keysəriyyə əməliyyatına girirlər. Nəticədə də stress, təbii proseslərin pozulması anada südün kəsilməsinə səbəb olur. Növbəti addım uşağın qidalana bilməsi üçün süni qida axtarışı olur. Onların isə tərkibində deyilməsə də, palma yağı, geni dəyişdirilmiş birləşmələr və s. kimi körpə uşaq orqanizminə zərərli maddələr olur.

Kənd yerlərində ana süddən kəsiləndə uşağı inək, keçi südü, düyü, un ilə qidalandırmağa başlayırlar. Uşaqda isə bu kimi qidaları həzm etmə funksiyası 6 ayından sonra başladığından körpədə qida allergiyası, bəzən isə daha ciddi xəstəliklər yaranır.

Ona görə də analar özlərinə diqqət etsələr, lazımi qidalarla qidalansalar, hətta doğuş gerçəkləşdirməyən qadınlarda belə süd gəlməsi müşahidə oluna bilər. Mən başqa üsulu məsləhət görmürəm. Uşaq mütləq ana südü ilə qidalanmalıdır”.

Nərmin Həsənli / REDAKTOR.AZ