Azərbaycanda abort QADAĞASI mümkündür? - Millət vəkilindən ETİRAZ

 18:11 17.04.2019     1629
"Əksər ailə uşağın qız olacağı biləndə, qadını abort etdirməyə məcbur edir". 
 
Dünyanın bir neçə ölkəsində abortun qanunla qadağan edilməsinə baxmayaraq, ölkəmizdə təkcə ötən il 37 mindən çox qadın abort etdirib. 
 
Ölkəmizdə abortun qanunla qadağası gözlənilirmi?
 
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev Redaktor.az-a açıqlamasında bildirib ki, bu qadağa gözlənilmir:
 
“Ölkəmizdə 12 həftəyə qədər abort qadının öz arzusu ilə həyata keçirilir. Ailənin sosial vəziyyətinə uyğun olaraq, 12 həftədən 22 həftəyə qədər abort baş tuta bilər. 22 həftədən sonra isə ananın və ya uşağın sağlamlığı ilə bağlı ciddi göstərişlər olarsa, abort mümkündür”. 
 
Deputat onu da qeyd edib ki, indiki şəraitdə abortun qanunla qadağan ediləcəyi gözlənilmir:
 
“Mövcud vəziyyətdə abortun ölkəmizdə qadağan olunması Milli Məclisdə müzakirə mövzusu deyil”.
 
Aborta qadağa qoyulmasına ehtiyac olmadığını vurğulayan deputat Kamilə Əliyeva isə redaktor.az-a açıqlamasında bildirib ki, ölkəmizdə abortun əsas səbəbi cinsi ayrı-seçkiliklə bağlıdır:
 
"Yəni, əksər ailə uşağın qız olacağı biləndə, qadını abort etdirməyə məcbur edir. Məhz cinsi ayrı-seçkilik baxımından abort qanunla qadağan olunmalıdır. Qanunvericilik səviyyəsində abortun tamamilə qadağası düzgün olmaz. Çünki qadının abortunun müxtəlif səbəbləri ola bilər. Məsələn, qan xəstəliyi olan qadınların abortu normaldır. 
 
Selektiv abortlarla bağlı qanunvericilikdə mövcud olan müddəaların təsiri ilə bağlı deputat vurğulayıb ki, bu müddəalar olduqca effektivdir. 
 
Gülşən Şərif / Redaktor.az