Duzlu yemək sevənlər - DİQQƏT !

 21:19 19.04.2019     7207

Duz bədən funksiyaları üçün zəruri olsa da, zərəri heç də az deyil.

Redaktor.az-ın məlumatına görə, duzdan çox istifadə edilməsi bir sıra xəstəliklərə yol açır.  Türkiyəli dietoloq Merve Sehlikoğlunun sözlərinə görə, çox duz qəbulu qan təzyiqini yüksəldir. Yüksək qan təzyiqi isə ürəyi böyüdür, infarkt, ürək çatmazlığı və iflic riskini artırır, böyrək funksiyalarını pozur, görmə itkisinə səbəb olur.

Duzdan istifadənin azaldılması üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

Süfrəyə duz qoymayın!

 İlk addım olaraq, duzun süfrədən götürülməsi vacibdir.

Duzu az olan pendirlərə üstünlük verin.

Aldığınız pendir duzlu olarsa, bir müddət ilıq suda saxlamağınız məsləhət görülür.

Tomat pastalarından istifadə edəndə ehtiyatlı olun.

Tomat pastalarından istifadə etdikdə, yeməyə az miqdarda duz əlavə edin.

Konservlərdən uzaq durun.

Konserv yeməklərin tərkibində duzun yüksək miqdarda olduğunu unutmaq olmaz.   Buna görə də mümkün olduğu qədər konserv məhsullarından az istifadə edin.

Qablaşdırılmış ət məhsullarından uzaq durun.

Ət, toyuq və balığın tərkibində natrium mövcuddur. Lakin  zavodda paketləmə zamanı duzlardan  istifadə olunduğuna görə, bu məhsullardan istifadə etməmək daha yaxşı olar.

Duzu ədviyyatlarla əvəz edin.

Hazırladığınız yeməklərdə duzun yerinə zəncəfil, qırmızı bibər və s. kimi ədviyyatlara yer ayırın.

Turşuları yeməmişdən öncə su ilə yuyun.

Turşuların bol su ilə yuyulması məqsədəuyğun hesab olunur.

Qeyd edək ki, normal bir insanın gündəlik duz tələbatı 5 qram olmalıdır.

Gülşən Şərif/Redaktor.az