Hacamat nədir? - Bu şəxslərə QƏTİYYƏN OLMAZ!

 10:34 25.04.2019     2570

Qanalma üsulu xalq arasında əsas müalicə metodlarından biri hesab olunsa da, mütəxəssislər tərəfindən qəbul olunmur.

Təbii üsullarla müalicə eksperti Seyfəddin Əsəd Redaktor.az-a açıqlamasında qanalma üsulunun faydalı olduğunu bildirib:

“Qanalma üsulu yüksək təzyiqli insanlar üçün xüsusən faydalıdır. Bu üsul beyinə qan sızmanın və insultun qarşısını alır. Qanalmadan sonra insan orqanizmində qan yenilənir. Bədən toksik maddələrdən təmizlənir və immunitet güclənir. Nəticədə yorğunluq, baş ağrısı və s. kimi hallar aradan qalxır”.

Ekspert onu da qeyd edib ki, qanalmada tibbi zəli üsulu daha məqsədəuyğundur:

“Qanalma üsulunu baş, boyun, damar vasitəsilə həyata keçirmək olar. Daha çox banka qoymaq üsulundan istifadə olunur. Qanalmada zəli üsulu daha səmərəlidir. Zəli bədənə 250-dən artıq müalicəvi maddə verir. Zəli üsulunun təhlükəsizliyinə təminat verilir. Zəli üsulu yuxu pozğunluğu, ağ ciyər və qara ciyər, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlər, miqren və s. xəstəliklərin müalicəsində effektivdir”.

Ekspert vurğulayıb ki, bu üsulları tətbiq etməzdən öncə mütləq tibbi müayinədən keçmək vacibdir:

“Qanalmada fəsil dəyişikliyinin heç bir önəmi yoxdur. Üsulun tətbiqindən öncə qan xəstəlikləri ilə bağlı həkimlə məsləhətləşmək vacibdir. Ümumi qan analizi vermədən öncə qan alma məsləhət deyil”.

K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev isə Redaktor.az-a açıqlamasında bildirib ki, bu üsul düzgün deyil:

"Hacamat qədim dövrdən qalıb. Bədənin müəyyən nahiyyəsinin iti alətlə çərtildiyi bu qanalma müalicə üsulu  tamamilə yanlışdır. Müasir tibbdə belə bir müalicə üsulu yoxdur. Bu cür qan dəyişmə üsulu insanlarda ciddi fəsadlara yol aça bilər. Qan azlığı, dəmir çatışmazlığı və təzyiqi aşağı olanlarda, əqli zəiflərdə bu üsulun tətbiqi xüsusi təhlükəlidir. Hacamatı tibbi zəli üsulu ilə tətbiq etmək lazımdır”.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən