Ramazan öncəsi dişlərə qulluq - Bunlara əməl edin

 19:27 29.04.2019     2092

Müqəddəs Ramazan ayının başlamasına 7 gün qalır.

Ramazan ayında oruc tutan insanların üzləşdiyi çətinliklərdən biri də ağız qoxusu və diş problemləridir. Ramazan ayında dişlə bağlı problemlərin daha çox üzə çıxdığı deyilir.

Stomatoloq Bəhruz Əsgərov Redaktor.az-a açıqlamasında bildirib ki, hər bir insan diş müayinəsi ilə bağlı hər 6 aydan bir həkimə müraciət etməlidir:

“Diş elə bir orqandır ki, 1 ay ərzində ciddi dəyişikliklərin baş verməsi mümkün deyil. Dişlərin çürüməsinə uzun müddət davam edən baxımsızlıq səbəb olur. Sadəcə olaraq, Ramazan ayında dişlə bağlı problemlər daha çox bəlli olmağa başlayır. Dişdə çürümələr qida qalığı nəticəsində yaranır. Ramazan ayında ac qalarkən həmin çürümüş nahiyələrdə qalan qida qalıqları quruyur və ağızdan kəskin qoxunun gəlməsinə səbəb olur”.

Stomatoloq onu da qeyd edib ki, Ramazan öncəsi stomatoloqa müraciət etməkdə fayda var:

“Ramazan öncəsi çürümüş və qırılmış dişlər düzəldilməlidir. Dişə qida qalıqlarının yığılma səbəbləri aradan qaldırılmalıdır ki, ağız qoxusuna səbəb olan bakteriyalar yox olsun. Ramazan ərəfəsində isə dişlər səhər və axşam müntəzəm olaraq fırçalanmalıdır”.

Gülşən Şərif/ Redaktor.az