Hər üç nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir

 07:01 12.05.2019     1226

Hər üç nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir

Televiziya, internet və kompyuter texnologiyalarının inkişaf etdiyi və sürətlə yayıldığı  indiki vaxtda dünyada hər üç nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir. Söhbət yaxını görmə - miopiya xəstəliyindən gedir. Hazırda şagirdlərin 20%-i, tələbələrin 40%-ində bu xəstəliyə rast gəlinir.

Redaktor.az e-tibb.az-a istinadən bildirir ki, miopiya elə göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur: miopiyalı insan yaxını daha yaxşı görür, elə buradan da xəstəliyin adı yaranıb - yaxından görmə. Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir - göz, öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır.

Miopiyanın əsas əlaməti uzağı görmənin zəifləməsidir: uzaqdakı əşyalar yayılmış görünür, dəqiq olmur. Bununla belə, təsvirin dəqiqliyini artırmaq üçün insan gözünü qıymağa başlayır. Xəstəliyin adı da məhz burdan yaranıb-yunan dilində "miopia" gözlərini qıyan deməkdir. Yaxından görmənin simptomlarına yüksək görmə yorulmasını və uzun müddət gərgin işlədikdə baş ağrılarını da aid etmək olar.

Xəstəliyin yaranma səbəbləri daha çox aşağıdakı kimi təsnifləşdirilir: 

İrsiyyət: Əgər hər iki valideyndə bu xəstəlik varsa, o zaman 18 yaşa çatmamış uşaqlarda xəstəliyin 50% əmələ gəlmə riski var. Əksinə, hər iki valideyn yaxşı görürsə, onların uşaqlarında miopiya ən çox 10% hallarda ola bilər.

Damar amilləri: bəzən miopiya gözün qan təminatı pozulduqda, müxtəlif xəstəliklər fonunda əmələ gəlir.

Yaxın məsafəli intensiv görmə yükləmələri: miopiyanın inkişafı ən çox məktəb və tələbəlik illərində baş verir, çünki məhz bu vaxt gözlər gərgin işləyir.

Keyfiyyətsiz qidalanma: rasionda vitaminlər və mikroelementlər olmadıqda, göz qişasının (skleranın) toxumalarının sintezi və işıq qəbulu düzgün baş vermir. Gözün çox yüklənməsi, məsələn, kifayət qədər işıqlanma olmadıqda hansısa obyektə yaxın məsafədən baxdıqda, düzgün olmayan pozalarda yazı və ya oxu da miopiyanın inkişafına səbəb ola bilər.    

Miopiyanın dərəcələri

Xəstəliyin aşağıdakı dərəcələri olur:

1. Zəif dərəcəli miopiya (3 dioptriyaya qədər)

2. Orta dərəcəli miopiya (3-6 dioptriya)

3. Ağır dərəcəli miopiya (6 və daha çox dioptriya)

Bundan başqa, proqressivləşən miopiya var - göz zəifləməsi sürətlə baş verərək hər il bir dioptriyadan çox miqdarda zəifləyir. Bu hal ciddi pozulmalara səbəb ola bilər və bəzən cərrahi müdaxilə tələb edir.

Göz almasının uzanması nəticəsində yaxından görmənin ağırlaşmalarına bir sıra halları da aid etmək olar. Bu zaman göz toxumalarının qidalanması pozulur, torlu qişada distrofik dəyişikliklər, onun dağılması və laylanması baş verər, torlu qişanın laylanması korluğa səbəb ola bilər.

Müalicəsi

Miopiyanın müalicəsini iki hissəyə bölmək olar: korreksiya və birbaşa müalicə.

Müalicəyə medikamentoz terapiya daxildir: həb və damcı şəklində vitaminlər, qan dövranını yaxşılaşdıran vasitələr, fizioterapevtik üsullar, göz gimnastikası.

Miopiyanın korreksiyasını eynəklərlə (yumşaq, bərk və gecə), kontakt linzalarıyla və lazer üsullarla (Lasik) həyata keçirirlər. Bura, həmçinin, intraokulyar linzalarla (linzanı göz daxilinə yerləşdirirlər) və keratotomiya ilə korreksiyanı aid etmək olar.

Hər üsulun öz müsbət və mənfi cəhətləri, göstəriş və əks göstərişləri, fəsadları var. Lakin hamısının prinsipi eynidir - gözün optik sistemi elə dəyişilməlidir ki, əşyanın təsviri tor qişaya düşsün.

Özünüzdə yaxından görmə simptomlarını aşkar etsəniz, ilk növbədə, həkim-oftalmoloqa müraciət edin, optika mağazalarında çalışanlara yox. Çünki optika mağazalarında  məsləhət verənlər əksər halda ali təhsilli olmurlar. Yanlış məsləhət isə gözlərinizə daha çox zərər verə bilər.