Azərbaycanda ana ölümlərinin SƏBƏBLƏRİ: - "İnamsızlıq davam edir"
Ötən illərlə müqayisədə ölkədə ana ölümlərinin sayı artıb.
Məsələ ilə bağlı həkim-ginekoloq Rəşad Sultan Redaktor.az-a açıqlama verib.
O, bildirib ki, ana ölümlərinə səbəb olan əsas amil, qanaxma ilə bağlı olur:
“Ana ölümləri səhiyyə sisteminin göstəricisi kimi qəbul olunur. Ona görə də bütün ölkələrdə buna diqqət yetirilir. Ana ölümlərinin ilk səbəbi infeksiya, qanın damarları tutması və bir nömrəli səbəb qanaxmadır. İnkişaf etmiş ölkələrdə qanaxma və infeksiya geri plana düşüb, çünki bunun qarşısını alırlar. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə isə ana ölümlərinin baş verməsinin əsas səbəbləri qanaxma, qanın damarları tutması və infeksiya ilə bağlıdır. Bəzi hallarda xanımlarda qan xəstəlikləri olur, laxtalanma sistemi pozulur, uşağa kifayət qədər qan getmir. Ana ölümü məsələsində reanimasiya tədbirləri, qan və qan əvəzedicilərinin tədarükü və vaxtında köçürülməsi çox vacibdir. Yəni, doğuş zamanı baş verən proses sistem məsələdir.

Vətəndaşlarla həkimlər arasındakı inamsızlıq davam edir.
Dünyanın hər yerində hamiləliklə bağlı protokollar var. Həmin protokollarla harada yanlışlığa yol verildiyi araşdırılır. Bizdə isə bu protokollar yoxdur. Buna görə də ümumi bir rəy yaranıb ki, bütün hallarda həkim günahkardır. Bunun səbəbi odur ki, vətəndaşlar həkimə inanmır. Əlbəttə ki, ana ölümü xoş hadisə deyil. Doğuş zamanı ana ölümü halında yalnız həkimləri günahlandırmaq olmaz. Heç bir həkim xəstəsinin xoşagəlməz hadisə yaşamasını istəməz. Yaranan inamsızlıqda müəyyən qədər əksər həkimlərin də günahı var. Lakin hər zaman həkimi günahkar bilmək doğru deyil. İnsanlar həkimlərlə yanaşı, ölüm hadisəsindən sonra baş verən araşdırma prosesinə də etimad göstərmirlər. Hər bir ana ölümü araşdırılaraq, məhkəmə tibbi ekspertizasının rəyi öyrənilməlidir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən il 17 qadın doğuş zamanı dünyasını dəyişib. 2017-ci ildə isə bu göstərici 11 olub. .
Gülşən Şərif / Redaktor.az












