"Xəstəxanalar müxtəlif nazirliklərin nüfuzu altındadır" -PROFESSOR ETİRAZ ETDİ...
Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.
Nəzərdə tutulan yeni qaydanın effektivliyi nə dərəcədə yüksək olacaq?
Professor, tibbi ekspert Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirib ki, tibb müəssisələrinin fəaliyyəti ilə bağlı nəzarət bütünlüklə Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilməlidir:
“Bu gün tibb müəssisələri müxtəlif nazirliklərin nüfuzu altındadır. Məsələn, Gömrük Komitəsi, Fövqaladə Hallar Nazirliyi, Dövlət Neft Şirkətinin özünəməxsus tibb müəssisələri mövcuddur. Demək olar ki, bu cür tibb müəssisəsi hər bir nazirlikdə var. Bu müəssisələrin akkreditasiyasının kim tərəfindən həyata keçiriləcəyi məlum deyil. Eyni zamanda tibbi müayinə, müalicə və diaqnostika işlərinə nəzarətin necə edildiyi naməlumdur. Bu baxımdan bütün tibb müəssisələrinə nəzarətin Səhiyyə Nazirliyinə verilməsi zəruridir”.

Bu gün televiziya kanallarında yayımlanan tibbi reklamlara toxunan ekspert qeyd edir ki, bu sahəyə ciddi şəkildə nəzarət edilməlidir:
“İnsanların inamından sui-istifadə edilən tibbi reklamların aradan qaldırılmasına ehtiyac var. Tibb sahəsində akkreditasiya ilə bağlı məsələ daxil olmaqla, qanunda müəyyən boşluqlar var. Bu boşluqlar aradan qaldırılmalıdır. Çünki mövcud nöqsanlar fonunda yeni qanunun effektivliyi sual altındadır. Ölkədə qanun qəbul olunsa da, onun hüquqi qüvvəsi və tətbiq mexanizmi yoxdur. Bu isə qanunun əhəmiyyətini itirir. Əhaliyə göstərilən tibbi xidmətin yüksək səviyyədə olması üçün mövcud boşluqların həll yolu tapılmalıdır”.
Qeyd edək ki, Milli Məclisin ötən gün keçirilən növbədənkənar plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələr edilib. Əlavəyə əsasən akkreditasiyadan keçirələn tibb müəssisələrinə şəhadətnamə veriləcək. Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulur.
Gülşən Şərif / Redaktor.az












