Həyəcan, qorxu, gərginlik... - Bu əlamətlər varsa, MÜTLƏQ HƏKİMƏ GEDİN!

 17:15 10.07.2019     19694

Həyəcan, qorxu, stress, gərginlik kimi anlayışlar insan həyatında həmişə problem yaradır.

Müasir dövrümüzdə bu anlayışlar sürətlə inkişaf etməkdədir. Bu  inkişafın insan üçün müəyyən fiziki və psixoloji fəsadlar yaratması danılmazdır. Araşdırmalara görə, məlum anlayışlar insanda panik atakın yaranmasına yol açır.

Görəsən, panik atak nədir və qurtuluş yolu nədən keçir?

Psixoloq Taryel Faziloğlu Redaktor.az-a açıqlamasında bildirib ki, panik atak heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır:

“Panik atakın digər növü panik pozuntusudur. Panik pozuntusu bəlli bir travmaya bağlı olur. Bu travmanın təkrarlanma riski zamanı insanda ürək döyüntüsünün artması nəticəsində nəfəs darlığı yaşanır və  insanda ölüm qorxusu yaranır. Məsələn, yol qəzası yaşamış bir şəxs  avtomobilin bir qədər sürət həddini aşması zamanı həyəcanlanmağa başlayır və panik pozuntu yaşayır.

Panik atak isə qaynağı bəlli olmayan problemlərə bağlı olur. Panik atak simptomuna tərləmə, nəfəs darlığı və boğulma hissi, baş fırlanması, üşümə yaxud istilik basması, titrəmə, ürək bulanma və qarın ağrısı, ölüm qorxusu kimi əlamətlər daxildir. Panik atak daha çox psixoloji olur. Bəzən insan ürəyinin çırpındığını düşünür, amma yoxlanış zamanı nəbzin normal vurduğu müşahidə olunur. Bu baxımdan panik atak ruhi narahatlıq hesab olunur. Panik atakın yaranmasına  monotonluq, gərginlik, yuxusuzluq, qeyri-sabit həyat tərzi də təsir edir.

Panik atak daha çox qadınlarda müşahidə olunur

Panik atak psixoloji imunitetin zəif olması zamanı baş verən ilk həyəcan siqnalıdır. Sinir sistemi həddindən artıq yüklənmiş istənilən yaşda olan şəxs panik atakdan əziyyət çəkə bilər. Lakin yeniyetməlik dövründə və 40-50 yaş civarında olan insanlarda daha çox  rast gəlinir. Panik atandan qadınlar xüsusən əziyyət çəkir. Çünki qadınlar emosional və keçmişə bağlı düşüncə tərzinə sahibdirlər. Kişilər isə rasional və gələcəyə bağlı düşüncə tərzindədir.

İnsanın özbaşına panik atakdan qurtulması ehtimalı çox aşağıdır

Panika pozuntusunun müalicəsi asan və qısamüddətlidir. Panik atakda isə səbəb tam bəlli olmadığına görə, ümumi neytrallaşdırma formasında terapiya həyata keçirilməlidir. Daha sonra isə ölüm qorxusu  və əsas təşviş pozuntularının səbəbi aydınlaşdırılmalıdır. Hər 100 nəfərdən 5-i panik atak vəziyyətindən çıxa bilər. Panik atak yaşayan insanlar mütləq şəkildə psixoloji dəstək almalıdır. Psixoloq dəstəyi nəticəsində həmin şəxslər narahatçılıqdan qurtula bilərlər”.

Gülşən Şərif / Redaktor.az