“Azərbaycanda qan tədarükü 4,5 dəfə artıb” - Nazir müavini

 11:04 22.08.2019     1597

Avqustun 22-də Bakı Konqres Mərkəzində 19-cu Beynəlxalq Gənclər Forumu keçirilib.

Tədbirdə Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İsakzai, Beynəlxalq Qan donorları cəmiyyətləri Federasiyasının icraçı direktoru Sayah Abdelmalik, Beynəlxalq Gənclər Komitəsinin sədri Abdo Saad və başqaları iştirak ediblər.

Redaktor.az-ın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev tədbirin əhəmiyyətindən danışıb:

"Tədbirə dünyanın 30-dan artıq ölkəsindən gənclər, beynəlxalq təşkilatlar, qan donorluğu sahəsində işləyən ictimai təşkilatlar qatılıblar. Ölkə rəhbərinin təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının bəndlərindən biri də gənclər arasında qan donorluğunun təbliği və təşviqindən ibarətdir. Bu, bəndin icrasının təsdiqini tapan tədbirdir”.

E. Ağayev deyib ki, qan donorluğu sahəsində 2000-ci ilə qədər problemlər var idi:

“Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə rəvac verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Bu illər ərzində qan tədarükü artıb. 2005-ci ildə 10 tona yaxın, 2018-ci ildə 44 ton qan tədarük olunub. Yəni qan tədarükü 4.5 dəfə artıb".