Bu il 3 nəfər qarayaraya, 3 nəfər quduzluğa, 289 nəfər brüselyoza yoluxub
Ötən il Azərbaycanda 594 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin şəxslərdən 353 nəfərini kişilər, 241 nəfərini qadınlar təşkil edir.
Məlumata əsasən, 2018-ci ildə 7-si kişi, 2-si qadın olmaqla 9 nəfər qarayara xəstəliyi ilə qeydə alınıb. Bundan başqa 5 nəfər quduzluq xəstəliyinə tutulub ki, onlardan 4-ü kişi,1-i isə qadındır. Ötən il 532 brüselyoz xəstəsi qeydə alınıb. Onlardan 370 nəfəri kişi, 162 nəfəri isə qadındır. Məlumatda qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda malyariyaya yoluxan olmayıb.
Komitədən bu ilin 6 ayında infeksiyon xəstəliklərə yoluxanların statistikası barədə də məlumat verilib. Məlumata əsasən, yanvar-iyun aylarında 108-i kişi, 78-si qadın olmaqla 186 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb. Bu il qarayara xəstəliyi üzrə 2-si kişi, 1-i qadın olmaqla 3 nəfər, quduzluq üzrə 3 nəfər, brüselyoz üzrə 287-si kişi, 2-si qadın olmaqla 289 nəfər xəstə qeydə alınıb.
Ötən il salmonellyoz xəstəliyindən 2 nəfər, quduzluqdan 8 nəfər ölüb. Ötən il qarayara və malyariya xəstəliyindən ölüm halı baş verməyib.
Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.//Apa.az