Lazer epilyasiyasına gedənlər - MÜTLƏQ OXUYUN!

 12:00 31.08.2019     11208

Son vaxtlar ölkəmizdə və eləcə də dünyada lazer epilyasiyası geniş yayılıb.

Müasir dövrümüzdə  insanların öz rahatlıqları üçün asan üsullara maraqlı olması danılmaz faktdır. Bu üsullardan biri də arzuolunmaz tüklərdən uzunmüddətli azad olmaq istəyidir. Bu baxımdan lazer epilyasiyasına üz tutanlar arasında qadınlarla yanaşı, kişilərin də sayı kifayət qədərdir.

Bəs görəsən, lazer epilyasiyasına üz tutanlar nələrə diqqət etməlidirlər?

Məsələ ilə bağlı lazeroloq Sevinc Ağayeva Redaktor.az-a açıqlamasında bildirib ki, arzuolunmaz tüklərdən tamamilə azad olmaq mümkün deyil. Sadəcə olaraq lazer epilyasiyası nəticəsində tük daha az və seyrək çıxır:

“Lazer epilyasiyası anadangəlmə və ya sonradan qazanılmış tüklənmənin qarşısını almaq üçün həyata keçirilir.  Yəni, lazer epilyasiya bədəndəki arzuolunmaz tüklərin lazer enerjisi istifadə etməklə, uzunmüddətli yox edilməsidir. Lazer epilyasiyasının aleksandrit, diodlu lazer, fotoepilyasiya və Soprano İce (buz lazer) kimi növləri var. Buz lazerinin (Soprano İce) digər lazerlərdən fərqi isə ondan ibarətdir ki, bu lazer növünü  günəş qaralmasından əvvəl və ya sonra istifadə etmək mənfi fəsad yaratmır. Ümumilikdə lazer epilyasiyası zamanı tükün kökündə olan melanin piqmenti lazer şüasının təsiri altında qızır və tükün kökünü məhv edir. Əgər pasiyentdə hormon pozuntusu yoxdursa, bu zaman cəmi 4-5 prosedur nəticəsində bədənin istənilən yerində olan arzuolunmaz tüklərdən azad olmaq mümkündür. Lazer epilyasiyasının şüası dəri qatına 5 mm dərinlikdə təsir göstərir. Limfa düyünləri isə dəridən daha dərinlikdə yerləşir”.

Lazer epilyasiyasının zərərləri ilə əlaqədar bu günə qədər ciddi fəsadlara rast gəlinməyib. Ancaq buna baxmayaraq, lazer epilyasına üz tutanlar bəzi məsələlərdə diqqətli olmalıdır ki, əks göstərişlərlə üzləşməsinlər:

“Lazer tətbiq edilən bölgədə qaşıntı, qızartı, şişmə kimi təsir ola bilər. Bu təsirlər keçicidir və 3-4 gündən sonra hiss olunmur. Lakin kəskin dəri xəstəlikləri, varikoz xəstəliklərin ağır formaları, şəkərli diabet, hamiləlik, onkoloji xəstəliklər, ürək-damar xəstəlikləri -dekompensasiya mərhələsində, kəskin infeksion xəstəliklər və iltihab prosesində lazer epilyasiyandan istifadə etmək məsləhət görülmür. Eyni zamanda yaşı  18-dən aşağı olanlar üçün lazer epilyasiyası qadağandır. Soyuqdəymə, qrip, allergiyanın kəskinləşməsi hallarında da lazer epilyasiyası proseduralarının tətbiqinə yol verilməməlidir”.

Lazer epilyasiyasından sonra bəzi şərtlərə əməl etmək məqsədəuyğundur:

“Əməliyyatdan yeni çıxmış xəstələr 3 ay tamam olduqdan sonra lazer epilyasiyasına üz tuta bilərlər. Epilyasiya etdikdən sonra tüklərdən təmizlənmiş sahəni islatmaq olmaz. Proseduradan sonra 3 gün ardıcıl duş qəbul etmək məsləhət görülmür. Piqment ləkələrinin əmələ gəlməməsi üçün ən azı 2 həftə ərzində epilyasiya olunmuş sahəyə günəş şüalarının birbaşa təsir göstərməsinə yol vermək olmaz”.

Gülşən Şərif / Redaktor.az