Əcnəbi həkimlərin sayı SÜRƏTLƏ ARTIR - Necə nəzarət edilir? / CAVABI

 14:04 10.09.2019     1353

Ölkəmizdə fəaliyyət göstərən xarici həkimlərin sayı artmaqdadır.

Redaktor.az xəbər verir ki, özəl klinikaların əksəriyyətində azı 20-30 əcnəbi həkim adına rast gəlmək olar.  Baxmayaraq ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti ötən il cəmi 33 tibb işçisinə Azərbaycanda işləmək hüququ verib. Onların ölkəmizdə fəaliyyət müddəti isə 3-6 ay və ya 1 il təşkil edir. Bəs necə olur ki, rəsmi qeydiyyatdan keçmiş 600-dən çox özəl tibb müəssisəsində tez-tez digər ölkələrdən gələn həkimlər "peyda olur"? Onların fəaliyyətinə necə nəzarət edilir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Redaktor.az-a bildirilib ki, özəl tibb müəssisələri xaricdən həkim dəvət etdikdə, həmin həkimin sənədlərini Səhiyyə Nazirliyinə təqdim edir. Səhiyyə Nazirliyi də praktiki fəaliyyət üçün şəhadətnamə verir:

"Şəhadətnamə alan həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçməlidir. Sertifikasiyadan keçməyən həkimi işə götürdüyü üçün məsuliyyəti özəl tibb müəssisəsi daşıyır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, ölkəmizə Türkiyə, İran, Rusiya, Gürcüstan və bəzi hallarda da Hindistandan gələn həkimlər üstünlük təşkil edir. Onların çoxu cərrahlardır və müxtəlif sahələrdə, xüsusilə də plastik cərrahiyyə sahəsində əməliyyatlar aparırlar.

Əcnəbi həkimlərin ödədiyi dövlət rüsumu müvafiq olaraq 350, 600 və 1000 manat təşkil edir.

Oral Mədənçi / Redaktor.az