10 ildən sonra ofis işlərində çalışanları böyük bəlalar gözləyir - SOS

 19:27 03.11.2019     682

“Kişilərdə çanaq orqanlarında durğunluq yaranması baş verir, prostat vəzi alenoması yaranır. Qadınlarda aşağı ətraf venalarda genişlənmə, piy qatının əmələ gəlməsi, xüsusilə oynaq ağrıları baş qaldırır”

Ofis, 5-6 nəfərlıik otaqlar, kompüter, güclü işıq effekti, naharda çay, peçenye, ya da fast-fud, dönər… Bir əldə də smartfon. Bütün hallarda monitora dikilmiş gözlər və əyilən bellər. İşə saat 10:00-da gəlib, 18:00-da çıxan – 8 saatlıq iş rejimi ilə çalışanların əksəriyyəti üçün məhz bu mənzərə xarakterikdir. Sonrası nədir? İşdən yorğun halda evə qayıdış. Metroda, avtobusda boş oturacaq axtarışları. Tıxaclar, əsəb gərginliyi. Evdə də tərkibi naməlum, kimyəvi qatqılı qidalar və yenə də monitorlar.

Smartfonlarda mənasız yazışmalar, foto paylaşımları, feysbuk, vatsap, “yaxşı halda” divan və televizor… 21-ci əsr insanının yaşayışı aşağı-yuxarı belədir. Və bu qaçılmaz reallıqdır.

Əyilən bellər, şişkin ayaqlar…

Alimlər belə həyat tərzinin insan həyatını necə təhdid etdiyinə dair araşdırma aparıb və 10 ildən artıq ofis şəraitində çalışan yazı-pozu, kompüter işçisinin illər keçdikcə başına nələr gələcəyini tədqiq ediblər. Fransa, Almaniya, Böyük Britaniyada 3.500 ofis işçisi arasında sorğu keçirilib. Onların bədənlərində, sağlamlıqlarında illər ərzində nə kimi dəyişikliklər baş verəcəyini öyrəniblər.

Sorğulara verilən cavablar əsasında gələcəkdə həmin dəyişikliklərin daha da dərinləşəcəyini nəzərə alıb şərti adı “Emma” olan ofis işçisinin modelini hazırlayıblar. “Emma”nın 38 yaşı var. Saatlarla monitora baxdığından gözləri dərinləşib və daim qızartılıdır. Görmə qabiliyyəti zəifləyib və artıq eynəksiz çalışa bilmir. Dərisinin rəngi sağlam və parlaq deyil, alnı qırışıb və üzü narazı görkəmdədir. Çünki qadın açıq havada deyil, daim süni işıqlandırma sistemi altında çalışır. Günün 8 saatını oturaq halda keçirir, ayaqlarında varikoz yaranıb, qaməti əyilib, boyun nahiyəsində qabarıq əmələ gəlib, qozbelliyə doğru gedir. Günün sonunda ayaqlarında şişkinlik əmələ gəlir. Qarın nahiyəsində piy qatı əmələ gəlib. Bu nəticəyə gələn alimlər ofis işçilərinin iş şəraitinin dəyişdirilməsini, istirahət və idman saatlarının artırılmasının vacibliyini bildirirlər. Çünki bu insanların 50-60 yaşa doğru səhhətlərində ciddi problemlər yaşayacaqları daha realdır, nəinki digər peşə sahiblərinin.

Peşə xəstəlikləri həmişə olub. Yazı-pozu adamları boyun-bel ağrısı, onurğa problemləri yaşayır. Görmə qabiliyyətləri digər peşə adamlarına nisbətən daha erkən yaşda zəifləyir. Müəllimlər ayaqlarda şişkinlikdən, ayaq ağrılarından daim şikayətlənirlər. Sürücülərdə adətən babasil yaranır və sair. Bunlar, doğru. Amma razılaşaq ki, günümüzdə hansısa xəstəliklərə mübtəla olmağımız, problemlərlə rastlaşmağımız həm də öz günahımız ucbatındandır. İnsan ilk növbədə özünü tərbiyə etməli, zərərli vərdişlərə tutulmamalı, tutulubsa da, vərdişlərdən əl çəkməyə özündə güc, təpər tapmalıdı.

Aktiv həyat tərzi əsas şərtdir

Görəsən, Azərbaycanda “emma”lar nə qədərdi? Qadın, kişi, ofis işçilərimiz çoxdur. Deməli, belə bir səhhət problemləri bizi də gözləyir. Nəinki gözləyir, hətta gənc olmasına baxmayaraq sağlamlığında problemlər yaşayanlar artıq var.

Tibb üzrə fəlsəfə doktoru, həkim-dietoloq Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında problemin həqiqətən ciddi olduğunu dedi:

– Alimlərin araşdırmalarının nəticələri tamamilə doğrudur. Kişi, qadın fərq etmir, hər iki cinsin mənsublarının səhhətində illər keçdikcə müəyyən problemlər yaranır və bunlar sağlamlığı ciddi şəkildə təhdid edir. Kişilərdə çanaq orqanlarında durğunluq yaranması baş verir, prostat vəzi alenoması yaranır. Qadınlarda aşağı ətraf venalarda genişlənmə, piy qatının əmələ gəlməsi, xüsusilə oynaq ağrıları baş qaldırır. Bağırsaq pozğunluqları, qəbizlik, beyin hüceyrələrinə oksigen çatışmazlığı…  Bunlar hamısı oturaq və qapalı iş şəraitinin gətirdiyi fəsadlardır. Hamını düşündürən də bu sualdır; nə etməli? İlk növbədə bacardıqca çox piyada gəzmək. İdman hərəkətləri etmək. Vacib deyil ki, sağlamlıq, “spa” mərkəzlərinə, trenajor zallarına gedilsin, evdə, hətta iş yerində də müəyyən idman hərəkətləri etmək mümkündür. Hər 1 saatdan bir, işçi ayağa qalxmalı, gəzişməli, gözlərinə dinclik verməlidir. Bunun ən yaxşı yolu yaşıllığa baxmaqdır. Amma iş yerinin qarşısında, pəncərə önündə yaşıllıq, park, ağaclar yoxdursa, otaqda dübçək gülləri yetişdirsinlər, gözlərin dincəlməsini təmin etmək üçün o dibçəklərə, güllərə tamaşa etsinlər. Yaşıllıq həm də otağın havasını nə qədər də olsa da dəyişəcək, təmizləyəcək. Nahar fasiləsidirsə, ofisin qarşısına çıxıb gəzişsinlər. Bu mümkün deyilsə, otaqda, dəhlizdə gəzişsinlər. Evə qayıdanda çalışıb piyada gəzsinlər. Məsələn, bir dayanacaq əvvəl düşsünlər. Dayanacağın birini piyada getsinlər. Yaxud, evdə işlərini bitirdikdən sonra gəzintiyə çıxsınlar. Yarım saat, bir saat gəzişsinlər. Təmiz havada gəzmək beynin qidalanmasını təmin edir. Bilirsiz, bunlar insanın özündən asılı olan məsələlərdir. Biz istəsək, çalışıb həyatımızı demirəm tam, heç olmasa, müəyyən qədər yüngülləşdirə, bəzi xəstəliklərdən, fəsadlardan qaça bilərik. Amma tənbəlik. Qəbul edirəm ki, bəli, hazırda insanlarda psixoloji gərginlik də var. İşdən çıxan adamlar o qədər yorğun olur ki, ictimai nəqliyyatda mütləq əyləşmək istəyir. Çünki artıq yorğundur. Yorğun olduğu üçün də piyada gəzməyi ağlına da gətirmir. Amma nəzərə almalıyıq ki, biz tənbəlləşdikcə və yorğunluğa yenildikcə xəstəliklər bizi üstələyəcək.

İşə piyada gedib-gələn professor

Ş.Namazlı hələ tələbə ikən şahidi olduğu hadisəni xatırladı:

– Tələbəlik illərimdə mərhum professor Məhəmmədəmin Əfəndiyev kafedra müdiri idi. Onun çox sağlam iş rejimi vardı. Biz otaqda mühazirə dinləyərkən, bir də görürdük ki, professor həkimləri toplayıb dəhlizə və onlara idman hərəkətləri etdirir. Həm də bunu hədsiz sakit, səmirsiz edirdi. Sonra da həkimlər, tibb işçiləri dairə şəklində dövrə vuraraq qaçırdılar. Bu hərəkətlər bizə necə də maraqlı görünürdü. Bu proses hər gün saat 11:00-da təkrarlanırdı. Nə xəstələr hiss edirdi, nə da dərs keçən müəllimlər. Kimin ki, o saatda xəstəsi yoxdur, məşğul deyil, onları idmana cəlb edərdi. Mənzili “Nəsimi” bazarının yanında idi, xəstəxana isə hazırda “Şıxlinskaya klinikası” olan yerdə. Professor Əfəndiyev evdən işə və işdən evə piyada gəlib-gedirdi. İş çantasında çay, alma gətirirmiş işə. Sonra həmin xəstəxanaya onun adı verildi. İndi xəstəxananın bir korpusu fəaliyyət göstərir. Professor Əfəndiyev Azərbaycanda terapiyanın əsasını qoyanlardandır. Bu insan əməkdaşlar üçün belə bir sağlam iş şəraiti düşünmüşdü və həyata keçirirdi. İndiki ofis müdirləri, eləcə də idarə və müəssisə rəhbərləri də işçilərin qayğısına qalmalıdır. Əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına çalışsınlar.

Yaxşı olardı ki, ofis işçilərinin sağlamlığının qorunması layihələri işlənsin və xüsusi təlim keçmiş şəxslər idarə və müəssisələrdə işçilərə yönəlik fiziki proqramlar həyata keçirsinlər.