Uşaqların məruz qaldığı ailə zorakılığı: Problem və çıxış yolları

 10:32 04.12.2019     1675

Ailə zorakılığı cəmiyyətin ən ağrılı problemlərinin başında gəlir. Təəssüf ki, müsir dünyamızda hələ də ailə zorakılığının şahidi oluruq. Təbii ki, bu problemin əsas qurbanları isə uşaqlar olur. Uşaqlaq özləri də məişət zorakılığa məruz qalır.

Niyə uşaqlar məişət zorakılığının qurbanı olur?

Nə qədər qəribə olsa da, uşaqlar zorakılığa öz yaxınları tərəfindən məruz qalırlar. Əksər hallarda uşaqlar “qaranlıq döngələrdə” onları izləyən “manyakların” deyil, yaxın insanların qurbanı olur. Məşhur inancın əksinə olaraq, bu təhlükə uşaqları, əsasən də evdən kənarda – qaranlıq xiyabanlarda və ya məktəbdə deyil, yaxın ətrafında gözləyir. Problemin aktuallığı artdıqca, bu sahədə çalışan ictimai təşkilatların fəaliyyət sahələrini daha da genişləndiriməsinə ehtiyac yaradır.

“Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva hesab edir ki, uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır:

“Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Onlara qarşı hər bir zorakılıq halları cəmiyyət tərəfindən mənfi qarşılanır. Son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkəsində olduğu kimi, uşaqlara qarşı zorakılıq halları Azərbaycanda hələ də mövcuddur. Məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdəndir. Bir çox hallarda uşağa qarşı zorakılığa görə məsuliyyət birbaşa onun yaxın ətrafındakı insanların üzərinə düşür. Evdə, yəni nəzəri olaraq, uşaq üçün ən təhlükəsiz yerdə, bir uşaq asanlıqla fiziki, cinsi, psixoloji (hədə-qorxu, təhqir və s.) və iqtisadi (yemək, geyim, təhsil hüququndan və s. qəsdən məhrum olmaqdan) əziyyət çəkə bilir. Məişət zorakılığının əksər hallarda (cinsi istismar istisna olmaqla), valideynlər uşağa zərər verməkdə ilkin məqsədi yoxdur. Uşaqlara qarşı göstərdikləri şiddəti müəyyən bəhanələrlə izah edirlər. Məişət zorakılığı riskini yaradan və ən çox bildiyimiz amil stressdir”.

Z.Mustafafayeva ailə zorakılığının əyanı təsəvvürünü bu cür verib:

“Valideyn işdən qayıdıb, yorğundur və uşaq ağlayır, qışqırır, əllərini valideyninə tərəf uzadır. Valideyin isə yorğundur, uşaqla oynamağa gücü və həvəsi yoxdur. Nəticədə, qadının üstünə qışırıb uşağın səsini kəsməsini tələb edirlər. Yəni psixoloji zorakılıq edilir. Bəzi hallarda uşağa və ya anasına əl qaldırılır. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Digər bir risk faktoru, ailədəki maddi sıxıntı və buna görə potensial olaraq artan bir stress səviyyəsi hesab olunur. Əlbətdə ki, yoxsulluq və zorakılıq arasında birbaşa əlaqə yoxdur. Gəlirləri yaxşı olan insanlar da dava edə bilər. Təsdiq olunmuş faktdır ki, ailənin hər hansı bir fərdinin psixotrop maddələrdən, narkotiklərdən və ya spirtli içkilərdən sui-istifadə etməsi , psixi xəstəliklərin olmasıdır”

Uşağın boynuna bir kəmər bağladığı və yemək masasının ayağına, əslində bir köpək kimi bağlandığını faktına rast gəlmişəm. Profilaktik tədbirlərin həyata keçirilməsi televiziya verlişləri, sosial çarxlar, müəyyən bir mesajın mətni ilə reklam lövhələrini ilkin profilaktik tədbir ola bilər. Daha bir profilaktik tədbirlərə risk qrupundan olan və ya çətin həyat şəraitində olan ailələrə baş çəkən və profilaktik söhbətlər aparan sosial işçilər tərəfindən həyata keçirilməlidir. Bir ailədə məişət zorakılığı artıq baş veribsə, sosial xidmətlər mərkəzləri və ya polis əməkdaşları bu cür halların qarşısının alınması ilə məşğul olur. Onu da qeyd edim ki, Azərbaycanda məişət zorakılığı hallarının hamısı qeydə alınmır. Məsələn, həkim uşağın qolunun içərisində bir qançır görsə (və bu şübhəli olmalıdır), ancaq valideyn uşağın yıxıldığını söyləsə, həkim çox güman ki, valideynlərinə inanacaq”.

Zenfira Mustafayeva bildirib ki, dünyadakı heç bir cəmiyyət, hətta ən qabaqcıl ölkələr belə, uşaqlara qarşı məişət zorakılığının öhdəsindən tam gələ bilmir:

“Sosial xidmətlər ailə ilə işləyir, normal münasibətlər qurmaq üçün hər şeyi edir. “Mərkəzimizdə” məişət zorakılığının qarşısının alınması və artıq zorakılığa məruz qalmış uşaqlarla işin əsas məqsədi uşaqları reabilitasiyaya cəlb olunmaqla, uşaqlara psixoloji, hüquqi, sosial dəstək göstərməklə onların gələcəkdə potensial cinayətkara çevirlməsinin qarşısının alınmasıdır. Bu yaxınlarda məktəb psixoloqları üçün “Risk qrupuna daxil olan ailələrlə iş” adlı təlim keçirildi. Bu tip tədbirlər nə ilk nə də sonuncu deyil. Bu tip tədbirlər davamlı edilməlidir ki, hansısa effektə nail olasan. Cəmiyyətimizdə uşaqlara qarşı istənilən zorakılığa “sıfır dözümlülük” sistemini formalaşdırmalıyıq. Uşaqlara qarşı zorakılığın azaldılmasına töhfə verən proqramların hazırlanaraq tətbiq edilməsi vacibdir. Bu sistemi yalnız maarifləndirmə, preventiv (qabaqlayıcı) layihələrin həyata keçirilməsi ilə mümkündür. Zorakılıq olmadan yaşamaq hər bir insanın ayrılmaz hüququdur”.

Təbii ki, bu sahədə çalışan QHT-yə rəhbərlik edən Zenfira Mustafayevanın dedikləri vacib məqamlardır. Bu həyatı yaşayan, zorakılığa məruz qalan uşaqların özlərinin danışdıqları isə sözün həqiqi mənasından problemin nə dərəcədə aktuallığından xəbər verir. Zorakılığa məruz qalan uşaqların öz dili ilə dediklərini təqdim edirik.

Zəruri QEYD: Danışanlar azyaşlı olduqları üçün adları yazıda qeyd olunmur!

17 yaşlı qəhrəmanız: “Ümumiyyətlə, uşaqlıq, yeniyetməlik ilə dövrü ilə yaddaşımda qalan atamın bizimlə yeganə ünsiyyət forması olan qışqırıq, təhqir, narazılıqdır. Ən böyük arzum atam evə gələndə gizlənmək və gözgörünməz olmaq arzusu idi”.
Xalasının himayəsində yaşayan 8 yaşlı körmə: “2 ay əvvəl babam rəhmətə getdiyi xəbərini verəndə xalam bərkdən ağlamağa başladı. Əri var gücü ilə onu vuraraq, “ Kəs səsini, qonşular eşidir” dedi. Hər dəfə xalam dərdən ağlayanda onun əri ona acıqlanır. O daim bizi nəzarətdə saxlayır. Mənimlə harasa getməyi, nə isə yeni bir şey almağı xalama qadağan edib”.

23 yaşlı gənc xanım isə 18 yaşında ailə qurduğunu və həyat yoldaşı tərəfindən zorakılığa məruz qalaraq boşandığından danışdı:

“Kənddə böyümüşəm, sadə, sakit bir ailəmiz vardı. 18 yaşımda ali təhsil aldığım paytaxtda bir nəfərlə tanış oldum. Ailə qurduq. Əvvəlcə hər şey yaxşı idi, amma zaman keçdikcə əvvəlcə geyimimə qoyulan qadağalarla başlanan tələblər təhsil almağıma qoyulan qadağa ilə yekunlaşdı. Təkbaşına evdən çıxmağım mümkün deyildi. Əvəzində mən daim ev işləri və biş-düşlə ilə məşğul olmalı idim. Paralel olaraq həyatımıza alkoqol girdi. Həmişə evimizdə onun içki dostları var idi. Belə yaşamağın normal olmadığını başa düşürdüm. Ancaq fikirləşirdim ki, məni döymürlər, bu o qədər də pis deyil və dözürdüm. Onun şəxsi biznesi olsa da, mənim heç vaxt pulum olmurdu. Evə gələn kimi bu adam tam dəyişirdi. Bir dəfə evə bərk içkili gəldi və nəyisə bəhanə edib əlinə keçəni mənə tərəf tullamağa başladı. Stulları, qab qacağı- hər şeyi qırıb çatdı. Həmin gün mən bütün gecəni binanın blokundakı pılləkənlərdə məndən 300 kilometr uzaqda yaşayan anamla telefonla danışmqla başa vurdum. Mən indi bilirəm ki, zorakılıq təkcə fiziki cəhtdən olmaya bilər. Mənim cəhənnəmim 5 il davam etdi. Ətrafımdakılar məni ittiham edirdilər, döymürsə, deməli dözüb oturmaq olar. 5 ildən sonra mən onunla boşnanda artıq 2 dəfə əsəblərimin pozulması ilə bağlı müalicə almışdım. Boyum 170 sm olmasına baxmayraq 42 kq olmuşdum. Stress və əsəbdən saçlarım tam tökülmüşdü”.

Yazı “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində çap olunur.