Hər yeni doğulan 4000 uşaqdan birində böyümə hormonu problemi yaşanır

 16:53 12.12.2019     10442

Dekabrın 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən "Uşaqlarda boy problemləri" mövzusuna həsr olunan konfrans keçirilib.

Konfransda İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova, Tibb Universitetinin, Endrokrinoloji Mərkəzin və özəl klinikaların həkimləri iştirak ediblər.

Qonaqları salamlayan Şəhla İsmayılova mövzunun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, uşaqlarda boy problemi ilə İSİM tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Daha sonra çıxış edən Novo Nordisk RİO A/S şirkətinin Azərbaycan Nümayəndəliyinin ölkə üzrə rəhbəri Arash Nosrati Heravi bildirib ki, boy probleminin müxtəlif səbəbləri olur. O qeyd edib ki, hər yeni doğulan 4000 uşaqdan birində böyümə hormonu problemi yaşanır:

"İSİM bununla Azərbaycanda bu problemdən neçə nəfərin əziyyət çəkdiyini deyə bilər. Qısaboyluluq böyümə hormonu pozulmasının tək indikasiyası deyil. Digər səbəblər də var".

Onun sözlərinə görə, İran və Türkiyədə 80 milyon insan yaşayır və orada boy hormonunun illik istifadə miqdarı təqribən 7 milyon mq-dır:

"Azərbaycanda isə 10 milyon insan yaşayır və boy hormonundan 875 min mq istifadə edilməli olduğu halda 24 min mq istifadə olunur. Azərbaycanda böyümə hormonu çatışmazlığı müalicəsinin təkmilləşdirilməsinə ehtiyac var".

Respublika Endokrinoloji Mərkəzin həkimi Səriyyə Ağayeva yaşa görə böyümə sürətindən danışıb:

"Böyümə sürəti 0-6 ay arası 15-16 sm, 6-12 ayda 7-8 sm, 1-2 yaşda 10-12 sm, 2-3 yaşda 7-8 sm,  3-4 yaşda 6-7 sm, 4 yaş-yetkinlik dövrünə qədər 5.5-7 sm, yetkinlik dövründə qızlarda 15-25 sm, oğlanlarda 20-30 sm-dir".

Tədbir mühazirlərlə davam etdirilib.//Apa.az