Uşaqların qısa boy olmağının səbəbi nədir? - ARAŞDIRMA
Valideynlərin əksəriyyəti övladlarının uzun boylu olmasını arzulayır. Hətta bunun üçün müxtəlif vasitələrə əl atırlar. Uşaqlarının daha yaxşı boy atması üçün dərmanlardan mədəd umanlar da az deyil. Görəsən, uşaqların boyunu atmasına hansı amillər mane olur?
Redaktor.az medicina.az-a istinadən bildirir ki, fizioterapevt Zaur Əliyevin Lent.az -a bildirdiyinə görə, uşaqların boyunun atmasında birincisi, genetik, ikincisi, onurğa sütununun əyri olması amili əsas rol oynayır: "İnsan onurğa vasitəsilə boy atır, böyüyür. Əgər onurğada əyrilik, fəqərənin pozulması kimi problemlər varsa, bunun nəticəsində boy artmır. Bundan başqa, əgər insanın genində, nəslində boy qısalığı varsa, bu amil irsən ötürülür. Qidalanma amilinin rolu azlıq təşkil edir".
Həkimin sözlərinə görə, yetkinlik yaşına çatmış insanlarda boyun 1 metr 60-65 santimetrə qədər uzanması normal hesab olunur.
Onun sözlərinə görə, uşaqların boyunun yaxşı atması üçün vaxtında müayinə etdirmək, onurğasında problemi, fəqərə burulması varsa, aradan qaldırmaq lazımdır: "Onurğasında problemi olan uşaqlar inkişaf etmir".
Z.Əliyev onu əlavə edib ki, uşaqlar 18-yaşına çatdıqdan sonra boyatma dayanır.
Qeyd edək ki, dünyada aparılan tədqiqatlara görə, boyun 190 sm-ə qədər uzanması insana yaraşıq versə də, həmin göstəricidən çox olması artıq normal sayılmır.
Bundan başqa, aparılan araşdırmalar boyatmada böyümə hormonunun (Somatotropin) da rol oynadığını ortaya qoyur. Çünki həmin hormon uşaqların sümük toxumalarını xəbərdar edər və onların boylarının uzanmasına təsir göstərər.
Hormonun az ifraz olunması boyun uzanmasına mənfi təsir edir. Uşaqlarının boyu balaca olan valideynlər bu hormonun miqdarını yoxlatdıra bilərlər.
Dünyada aparılan araşdırmalar nizamlı və sağlam qidalanmanın da boya təsir etdiyini ortaya qoyur. Proteinli qidalar uşaqların boyunun uzanmasına müsbət təsir edir. Buna görə də uşaqların süd və süd məhsulları, eləcə də ət məhsulları ilə qidalanması önəmlidir.












