Yağlı dəriyə düzgün qulluq

 01:19 16.12.2019     672

Yağlı dəriyə sahib olan xanımlar onun nə qədər problem yaratdığını bilirlər, dəridə tez-tez çıxan səpgilər, makiyajın qalıcı olmaması, yayılması, məsamələrin genişlənməsi yağlı dəriyə sahib olan xanımlar üçün adi haldır.

Yağlı dəri problemi əsasən, yeniyetməlik dövründə rast gəlinir, belə ki, bu dövrdə hormonal balansda dəyişikliklər gedir və bu dövr bitdikdən sonra demək olar ki, problem tamamilə aradan qalxır, lakin bəzi qadınlar 25-30 yaşında və ondan sonra belə yağlı dəri problemi ilə üzləşirlər, bu isə artıq hormonal balansın pozulduğunu göstərir.

Bəs yağlı dərini necə təmiz və təravətli saxlamalı?

Xüsusi heç nə tələb olunmur, nəticəsinin gözəl olmasını istədiyiniz hər şey üçün vaxt ayırmaq tələb olunur, yağlı dəri də eləcə. Verəcəyimiz məsləhətlərə riayət etsəniz, yağlı dəri sizə problem yaratmayacaq.

Yağlı dəriyə qulluq

Səhər və axşam üzü gel, penka ilə yumaq lazımdır. İstifadə etdiyiniz məhsullar dərini yumşaq təmizləməlidir, sərt maddələr, üzü çox qurudan, qıcıqlandıran tərkibli yuyucu vasitələrdən istifadə etməyin, onlar yağ ifrazını daha da artıracaq.

Gün ərzində üzünüzü bitki tərkibli losyon və toniklərlə təmizləyin. Onlar dəridə olan yağlılığı və parıltını götürəcək, dəriniz daha təravətli görünəcək.

Həftədə ən az bir- iki dəfə yağlılığı aradan qaldıran, məsamələri daraldan maskalar etmək vacibdir. Onlar dərini ölmüş hüceyrələrdən təmizləyir, məsamələri təmizləyir və daraldır, dəriyə təravətli görünüş bəxş edir. Yağlı dəri üçün ağ və mavi gil tərkibli maskaları etməyiniz tövsiyyə olunur.

Yağlı dərinin həmçinin, daha dərin təmizlənməyə ehtiyacı var, bunun üçün skrablar və pilinqlər vacibdir, skrabı aldıqda tərkibində kiçik dənəciklərin olmasına diqqət edin, tərkibi kobud və iri dənələrdən ibarət olan skrablar dərinizə zərər verə bilər. Pilinqləri isə salon şəraitində həkim-kosmetoloqun nəzarəti altında etmək məsləhətdir.

Bu tip dəriyə sahib olan xanımlar makiyaj vasitələrinə diqqət etməlidilər, əgər tonal kremdən istifadə edirsinizsə, onun mütləq absorbent tərkibli olmasına diqqət edin, bu maddələr dəridə yaranan yağı "udur” və dəriniz təmiz qalır.

Bunları etməyin!

Üzünüzü qaynar su ilə yumayın, bu yağlanmanı daha da artıracaq. Üzünüzü ilıq su ilə yuyub, soyuq su ilə yaxalayın.

Pilinq, maska və skrabları səhər və gündüz saatlarında etmək məsləhət deyil, belə ki, dəri təmizləndikdən sonra həssaslaşır və kiçik mikrotravmalar alır, ona görə bu prosedurları axşam, əsasən də yatmazdan əvvəl etmək məsləhətdir. Onları həftədə bir-iki dəfədən artıq etmək olmaz.