Azərbaycanda koronaviruslu xəstələrə hansı dərmanlar verilir? - AÇIQLAMA

 16:11 08.04.2020     1144

Bir sıra dünya ölkələri koronavirusa qarşı müxtəlif dərmanlardan istifadə etdiyini açıqlayıb. Bəzi ölkələr hazırladıqları dərmanların sınağının uğurla başa çatdığını elan etsə də, bu vaxta qədər koronavirusla mübarizədə təsdiqlənmiş preparat yoxdur.

Redaktor.az xəbər verir ki, Respublikanın Baş infeksionisti Cəlal İsayev dərmanların yan təsiri olduğunu deyib. Onun sözlərinə görə, bu vaxta qədər adı açıqlanan dərmanlar uzun müddət virus əleyhinə istifadə olunub:

"Həmin dərmanlardan müxtəlif xəstəliklərin qrip və ya digər viruslara qarşı istifadə ediblər və müəyyən müsbət nəticələr əldə olunub. İndi də adı açıqlanan dərmanların bəziləri koronavirus xəstələri üzərində tətbiq olunur. Amma bu dərmanların bir çox yan təsirləri var. Hələ bu yan təsirlər öyrənilməyib və bu dərmanların koronavirusla mübarizədə keyfiyyətli təsir göstərəcəyi dəqiq deyil. Ona görə də tədqiqatlar davam etdirilir. Əgər qərara alınsa ki, həmin dərmanlar faydalıdır, o zaman istifadəyə veriləcək. Hansısa preparatın bir neçə adama yaxşı təsir göstərməsi hələ bu dərmanın hər kəsə yaxşı təsir göstərəcəyi haqqında fikir yarada bilməz. Dərmanların təsiri xeyli sayda insan üzərində araşdırılmalı, statistik tədqiqatları təhlil olunmalı və daha sonra qərara gəlinməlidir .

Sözsüz ki, bu işdə bir sıra farmokoloji korporasiyaların da marağı var. Bu maraq nöqteyi-nəzərdən dərman şirkətləri bir-birini qabaqlamaq istəyir ki, gəlir götürsünlər" .

Baş infeksionist Çində koronavirusa yoluxanların 95%-nin hansı üsulla sağalması ilə bağlı suallara da aydınlıq gətirib:

"Çində istifadə olunan dərmanların heç biri beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənməyib. Məlumdur ki, koronavirus insanların 85 faizində yüngül, 15 faiz hallarda ağır, 15 faizin 5 faizində isə kritik keçir. Ola bilər ki, Çində koronavirusdan sağalanların böyük qismi həmin 85 faizlik hissəyə aiddir. Bu da onu təsdiq edir ki, hər hansı bir preparatın koronavirusa qarşı spesifik təsir göstərməsi barədə danışmaq üçün hələ tezdir.

Azərbaycanda da koronavirusla mübarizədə virus əleyhinə və antiparazitar preparatlardan istifadə olunur. Biz bu dərmanlardan vəziyyəti ağır xəstələr üçün istifadə edirik ki, bəlkə son anda kömək elədi". //MediaPost