Azərbaycana yaxınlaşan 400 milyard çəyirtkə KORONAVİRUS YAYA BİLƏRMİ? / VİDEO

 12:59 28.04.2020     1827

Dünyanın koronavirus epidemiyası ilə mübarizə apardığı bir dönəmdə çəyirtkə hücumu xəbərləri insanları narahat etməyə davam edir. Gün ərzində 35 min insana yetəcək qədər qida mənimsəyən həşəratların havalar istiləşdikcə müxtəlif ölkələrə axın edəcəyi bildirilir.  

Bu təhlükə Azərbaycan üçün nə qədər realdır? 

Ekoloq alim Telman Zeynalov məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında qeyd edib ki, bu cür məlumatlar süni ajiotaj yaratmaq məqsədi güdür:

"Media belə məlumatları yayır ki, camaatda təşviş yaratsın. Hamı deyir qlobal istiləşmədir. Amma heç bir sübut yoxdur. Aprelin sonudur, lakin havalar isinmir, dağlara, rayonlara qar yağır. Budur qlobal istiləşmə?! Kim nə deyirsə, hər sözə inanmaq lazım deyil. Bunlar hamısı çirkin siyasi, iqtisadi oyunların bir hissəsidir".

Çəyirtkələrin koronavirusu yaymaq təhlükəsi ilə bağlı danışan tibbi ekspert Adil Qeybulla bunun reallıqdan çox uzaq olduğunu deyib:

"Çəyirtkələrin hücumu ilə bağlı məlumatlar hər zaman var. Mütəxəssislər zaman-zaman bu məsələ ilə bağlı həyəcan təbili çalıb. Lakin bu, COVİD-19 epidemiyasının yayılmasına və ikinci dalğanın baş verməsinə səbəb ola bilməz. İkinci dalğa o zaman baş verə bilər ki, insanlar sosial izoliyasiya qaydalarına əməl etməsinlər. Digər hallarda narahatlığa əsas yoxdur".

Qeyd edək ki, ötən ilin aprelində İranın cənub bölgəsinə milyonlarla çəyirtkə hücum edərək, kənd təsərrüfatı məhsullarının məhv olmasına səbəb olmuşdu. 

Bir müddət öncə mediada Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşdığı yazılmışdı. Xəbərdə qeyd edilirdi ki, hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir.

Sevda Ulutau / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən