İftar süfrəsinə nə hazırlamaq olar?
Redaktor.az iftar süfrəsi üçün reseptlər təqdim edir:
Pəhriz qurabiyəsi
Ərzaqlar:
2 yumurta ağı
10 ədəd xurma
1 fincan kokos qırıntısı
yarım fincan kokos yağı və ya zeytun yağı
1 fincan xırdalanmış fındıq
Hazırlanması:
Xurmaları suda saxlayıb yumşalmasını gözləyin. Daha sonra çəngəllə püre halına gələnədək əzin. Yumurta ağı ilə yağı mikserlə qarışdırın. Qalan bütün ərzaqları əlavə edib, birlikdə yoğurun. Kiçik parçalar götürüb, soba qabına düzün. 180 dərəcədə üstü qızaranadək bişirin.
Toyuq və pendir salatı
Ərzaqlar:
1 ədəd toyuğun döş əti
Kahı
100 qr. pendir
2 ədəd pomidor
1 ədəd yumurta
14 xiyar
5 x.q soya sousu
Hazırlanması:
Bir qazanda suyu qaynadın. Qaynağa düşəndə yumurtanı suya qoyun. 10 dəqiqə bişirin. Kahını yuyub, kənara qoyun. Pomidorları yuyun, iki hissəyə bölün və içini təmizləyin. Bişmiş toyuq ətini kub şəklində doğrayın. Yumurtanın qabığını təmizləyib, onu da doğrayın. Həmçinin, pomidor və pendiri də. Bütün bunların hamısını qarışdırın və üzərinə soya sousunu, xiyarı dairəvi şəkildə dilimləyib əlavə edin.
Kartoflu küftə
Ərzaqlar:
4-5 ədəd kartof
2 ədəd pomidor
Küftə üçün:
300 qr. qiymə
1 ədəd rəndələnmiş soğan
1 ədəd yumurta
duz, istiot, qırmızı istiot, suxarı unu, istədiyiniz qədər cəfəri
Üzəri üçün:
Holland pendiri
Tomatlı su
Hazırlanması:
Küftə üçün olan ərzaqları bir qaba töküb qarışdırın. Kiçik küftələr düzəldilib, soyuducuya qoyulur. Kartofları təmizləyib 3-4 dilimə ayırın. Duzlayıb, azca yağda qızardın. Küftələri də soyuducudan çıxarıb, qızardım, yağını çəkməsi üçün kağız salfetin üstünə düzün. Yemeyi hazırlayacağınız qaba 1 kartofu qoyub, üzərinə küftəni və 1 dilim pomidoru qoyun. Ən üstə bir dilim kartof əlavə edin. Tavaya bütün ərzaqları bu qaydada düzün. Sonda üstünə tomatlı su tökülüb, kartoflar bişənə qədər odda saxlanılır. Sonda üzərinə bir dilim holland pendiri qoyulur.
Holand pendirli küftə
Ərzaqlar:
Qiymə - 250 qr.
Soğan – 1 ədəd
Suxarı unu – 2-3 x.q.
Yumurta – 1 ədəd
Cəfəri – 1 dəstə
Kəklik otu, qırmızı bibər, duz
Holand pendiri, kərə yağı
Hazırlanması:
Qiyməni blenderdən keçirilən soğan, cəfəri, yumurta, suxarı unu, duz, istiotla qarışdırın. Soyuducuda 1 saat saxlayın. Qiymə qarışığından qoz böyüklüyündə küftələr düzəldib arasına holand pendiri qoyun. Küftələrin üstünə bir parça kərə yağı qoyub 180 dərəcə isidilmiş sobada bişirin.













