Dəriyə mikroçiplər yerləşdirilir: Hər addımınız izlənəcək? - ARAŞDIRMA

 14:10 29.06.2020     3565

Konavirusdan sonra gündəmin əsas mövzularından biri də insan bədəninə mikroçiplərin yerləşdirilməsi məsələsidir. İstər ətrafımızda, istər sosial şəbəkələrdə bununla bağlı xeyli müxtəlif fikirlər səsləndirilir. Bəziləri, “bizi idarə etmək üçün çip taxacaqlar” deyə hər yerdə danışır, yazır və buna hər kəsi inandırmağa çalışır.

Bəs insanlara məcbur şəkildə çiplərin taxılması nə dərəcədə doğrudur? Ümumiyyətlə, mikroçiplərlə insanları idarə etmək mümkündürmü?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bu iddiaların çox gülünc olduğunu bildirib:

“İnsanlara məcbur şəkildə mikroçiplərin yerləşdirilməsi ilə bağlı şaiyələr yayılsa da, bununla bağlı nə hansısa dövlət tərəfindən rəsmi açıqlama verilib, nə də tətbiqi ilə bağlı məsələ gündəmə gətirilib. Sadəcə olaraq, bir neçə il əvvəl Skandinaviya ölkələrinin birində pilot layihə kimi insanlara mikroçip taxılması həyata keçirilirdi. Bu da onları idarə etmək üçün yox, səhhətlərini qorumaq məqsədi daşıyırdı. Təbii ki, bu, insanların razılığı ilə həyata keçirilib”.

Xəbərlər.az

F. Kazımovın əlavə edib ki, mikroçip vasitəsi ilə insanları idarə etmək mümkün deyil:

“Birincisi, insanları idarə etmək üçün onların beyninə təsir etmək lazımdır. Beyinə mikroçip yerləşdirmək üçün də insan tərəfindən razılıq verilməlidir. İkincisi, adi insanları idarə olunması kimə lazımdır? Kimə maraqlıdır hansısa kənddə yaşayan Əli, rayonda yaşayan Vəli kişini və .s idarə eləsin? Əlbəttə ki, heç kimə!

Həmçinin, insanlara ümumilikdə mikroçip taxılması üçün milyonlarla dollar vəsait lazımmdır. Kim o qədər pulu bu mənasız şeyə sərf edər? Təbii ki, bu iddiaların heç bir əsası yoxdur”.

Mütəxəssis mikroçip vasitəsi ilə koronavirusun yayılması ilə bağlı məsələlər haqqında da danışıb:

“Koronavirusun mikroçiplə bağlı olması, onun vasitəsi ilə yayılması əsassız iddialardır. Bu şaiyələri yayanlar savadsız insanlardır. Koronavirus insandan insana keçən, təmas halında yayılan bir virusdur. Əgər bəzi insanların iddiası kimi olsaydı, o zaman virus kütləvi şəkildə yayılardı. Bu baxımdan koronavirus mikroçiplə bağlı ola bilməz. Fikirimcə, bunlar hamısı insanların uydurmasıdır. Çox təəssüf ki, bir qrup insanlar da bu uydurmalara inanır və onlar da öz ətrafında olan insanları buna inandırmağa çalışırlar”.

Qeyd edək ki, hazırda dünyada minlərlə insan dərisinin altında mikroçip gəzdirir. Bu çiplər onlara maliyyə əməliyyatlarında, qatarla səyahətdə və qapıdakı qıfılları açmaqda kömək edir. Bu, koronavirus kimi təhlükəli deyil, hətta faydalıdır.

Əslində dərinin altına yeridilən inyeksiya çipləri çoxdan mövcuddur, bu çiplər ev heyvanlarının itməməsi və ağır xəstələrin nəzarətdə saxlanılması üçün istifadə edilir.

Hələ 1998-ci ildə Rodinq Universitetinin professoru Kevin Uorvik öz əlinə mikroçip yerləşdirmişdi ki, bunun mümkün olduğunu və insanlara necə kömək edəcəyini nümayiş etdirsin.

2013-cü ildən bu yana isə “Biohax” şirkəti İsveçdə və Avropanın digər ölkələrində artıq 5000 insana belə çip yerləşdirib. 

Mahir Ələkbərov / Redaktor.az