Atəşfəşanlıqlar dünyanın sonunu gətirə bilər - İNANILMAZ FAKTLAR

 02:55 18.07.2020     2360

Elm adamları və ətraf mühit aktivistləri atəşfəşanlığın təbiətə vurduğu zərərə diqqət çəkərək, bu nümayişlərin ləğv edilməsi üçün çağırışlar etməyə başlayıblar.   

Redaktor.az xəbər verir ki, Türkiyənin Sakarya bölgəsində fişəng fabrikində baş verən iki partlayışda 9 nəfərin həyatını itirməsindən sonra İstanbul, İzmir və Ədirnə kimi bir sıra şəhərlərdə fişənglərin istifadəsi qadağan olunmağa başlanıb.

Fişənglərin partlaması nə qədər gözəl görünsə də, partlayış səsləri həm ev, həm də vəhşi heyvanlar üçün təhlükəlidir. Cəmi bir neçə dəqiqə çəkən şou təbiətdə yaşayan quşların da həyatına ciddi təsir göstərir.

Yüksək gurultulu partlayış səsləri quşların panikaya düşməsinə səbəb olur. Onlar uçarkən qorxudan istiqaməti itirərək binalara və ya ağaclara çırpılırlar.

Bəzi heyvanlar isə tanımadıqları səsdən dəhşətə düşərək, hətta balaları olan yuvalarını belə  tərk edirlər. Qorxuya düşən heyvanların yuvalarını tərk etməsi minlərlə yumurtanın və körpə balanın ölümünə səbəb olur.

Ceyran kimi heyvanlar da səs-küydən qaçaraq yollara və bilmədikləri ərazilərə üz tutur və avtomobil vurması nəticəsində tələf olurlar.

Bundan başqa, atəşfəşanlığın atmosferi çirkləndirmə miqdarı nəqliyyat vasitələrinin hərəkəti nəticəsində yaranan havanın çirkliliyindən daha yüksəkdir. Federal Alman Ətraf Mühit Nazirliyinin məlumatlarına görə, 2016-cı ilin Yeni il gecəsində atəşfəşanlıqdan sonra yayılan hissəciklərin miqdarı 5 min tona çatıb. Bu miqdar avtomobillərin bir il ərzində atmosferə yaydığı zərərli qazın 17 faizinə uyğun gəlir.

Atəşfəşanlıqdan sonra fişənglərin 60-75 faizi tullantı olaraq təbiətdə qalır. Adətən karton və plastikdən hazırlanan fişənglər istifadə edildikdən sonra küçələrdə zibilliklərin yaranmasına səbəb olur.

Bundan əlavə, havaya səpələnmiş hissəciklər yaxınlıqdakı çay və göl kimi su mənbələrinin çirklənməsinə gətirib çıxarır. 

Kimyəvi tərkibli tozlar insan sağlamlığına da  zərər vurur. Bu hissəciklər tənəffüs, astma və ürək xəstəlikləri olanlar üçün ciddi fəsadlar törədir.

Sevda Ulutau / Redaktor.az