Beyrutu darmadağın edən ammonium nitrat nədir? - ARAŞDIRMA

 12:44 05.08.2020     1904

Livanın paytaxtı Beyrutda baş vermiş partlayış bütün dünyanı dəhşətə gətirib. Partlayışın başvermə səbəbləri ilə bağlı bir neçə versiya səsləndirilir.

Redaktor.az xəbər verir ki, Baş nazir Həsan Diyab da sözügedən partlayışla bağlı yeni iddia səsləndirib. O, limanın anbarlarında saxlanılan 2750 ton ammonium nitratın şiddətli parlayışa səbəb olduğunu bildirib.

Maraqlıdır, bəs ammonium nitrat nədir?

Ammonium nitrat Azərbaycanda həm də "selitra" adı ilə tanınır. Azot gübrələrinin bir növü olan selitra hələ Sovet dövründən bəri ölkəmizin kənd təsərrüfatında geniş istifadə edilir və tam olaraq xaricdən idxal olunur.

Bir müddət əvvəl Sumqayıtda SOCAR-ın yeni Karbamid zavodu istifadəyə verilmişdi. Karbamid də azot gübrəsinin bir növüdür, yəni selitranın alternativi kimi tətbiq oluna bilər və daha təhlükəsiz hesab olunur. Karbamid artıq ölkə daxilində istehsal olunur. Ötən illə müqayisədə bu il ölkə daxilində karbamidin satışları artıq 3 dəfə artıb.

Ammonium nitrat gübrə olduğuna görə açıq şəkildə satılır və bəlkə də bu səbəbdən terrorçular bomba düzəltmək məqsədi ilə çox vaxt məhz bu maddədən istifadə edir. Məsələn, bir neçə il əvvəl müsəlman qətliamı ilə məhurlaşan Anders Breivik 1 ton civarında ammonium nitrat tədarük etmişdi. 4 il əvvəl isə Türkiyədə maşında bomba partlayışı ilə terror hadisəsi törədildi. Bu hadisədən sonra qardaş ölkədə məhz ammonium nitrat tərkibli maddələrin açıq satışı qadağan olundu.