Asiyanın ən zəngin insanlarının reytinqi açıqlanıb - TOP-10

 02:23 04.09.2020     166

“Business Insider” nəşri Asiyanın ən zəngin biznesmenlərinin reytinqini dərc edib.

Redaktor.az xəbər verir ki, siyahıya Hindistanın ən zəngin iş adamı Mukeş Amban liderlik edir. Enerji sahəsində fəaliyyət göstərən 63 yaşlı M. Ambanın sərvətinin 81,5 mlrd. dollar olduğu bildirilir. O, atasından miras qalan “Reliance Industries Limited” neft-qaz şirkətinin sədridir. Şirkətin səhmlərinin 42%-i Ambana məxsusdur. Biznesmen eyni zamanda 400 mln. dollar dəyərində kriket komandasına sahibdir.

Qitənin ən zəngin ikinci adamı Çinin ən zəngin biznesmeni olan 55 yaşlı Cek Madır. Ölkəsinin ən böyük elektron ticarət şirkəti olan “Alibaba”nın qurucusu Manın sərvəti 58,7 mlrd. dollar təşkil edir.

Nəşrin məlumatına görə, Asiyanın ən zəngin üçüncü adamı çinli Poni Ma Huatendir. 48 yaşlı milyarderin texnologiya sahəsində fəaliyyət göstərdiyi və sərvətinin 54,2 mlrd. dollar təşkil etdiyi bildirilir.

Siyahıda dördüncü yerə çinli texnokrat Kolin Huanq Jenq layiq görülüb. 40 yaşlı biznesmenin sərvəti 31,2 mlrd. dollar səviyyəsində qiymətləndirilir. Jenq Çinin ən böyük elektron ticarət şirkətlərindən olan “Pinduoduo”nun qurucusudur. Hazırda 628 milyondan çox istifadəçisi olan platformanın ötən il 4,2 mlrd. dolar gəlir gətirib.

Asiyanın ən zəngin beşinci adamı 49 yaşlı çinli Villiam Dinq Leidir. Texnologiya sahəsində fəaliyyət göstərən iş adamının sərvəti 30,2 mlrd. dollardır.

Reytinqin altıncı pilləsində yaponiyalı biznesmen Tadaşi Yanai yer alıb. Pərakəndə satış sahəsi ilə məşğul olan Yanainin sərvəti 30,1 mlrd. dollar təşkil edir. Onun rəhbərlik etdiyi şirkətin 1 000-dən çox mağazası olduğu bildirilir. T. Yanai eyni zamanda Yaponiyanın ən zəngin iş adamıdır.

Asiyanın ən zəngin yeddinci iş adamı isə Honkonqdan olan biznesmen Li Ka-şinqdir. 92 yaşlı milyarder daşınmaz əmlak sahəsində fəaliyyət göstərir. 28,9 mlrd. dollara sahib olan biznesmen Honkonqun ən zəngin insanıdır. Onun şirkətlərinə 2018-ci ildən etibarən oğlu rəhbərlik edir.

Siyahıda səkkizinci yerə Asiyanın ən zəngin qadını sayılan 38 yaşlı Yanq Huiyan layiq görülüb. Onun sərvəti 28,6 mlrd. dollar səviyyəsində qiymətləndirilir. Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən Huiyanın şirkəti Çində hotellərin tikintisi və idarə olunması ilə məşğuldur.

Reytinqin doqquzuncu və onuncu yerlərini çinli bizensmenlər Hui Ka Yan və He Xianqjian bölüşür. Yianın sərvətinin 28,4 mlrd. dollar, Xianqjianın isə 27,6 mlrd. dollar təşkil etdiyi bildirilir. He Xianqjian “Midea Group”un təsisçisidir. //APA