Bakıda falçıya gedən varlılar: Onları siz də tanıyın - Görün nə qədər xərcləyirlər...

 22:27 20.09.2020     3510

Falçılıq, ekstrasenslik, cin çıxartma ayinləri niyə hələ də populyardır?

Bakıda falçı, baxıcı, ekstrasens kimi fəaliyyət göstərən şəxslərə müraciət edənlərin sayı yetərincə çoxdur. Azərbaycan cəmiyyətində falçıların az qala bir ictimai, mədəni xadim qədər hörmətləri var. Bir çoxları onlara inanır, pul, bahalı hədiyyələr verirlər. Son zamanlarda bu cür “xidmətlər”ə müraciət edənlərin sayında artım müşahidə olunur. Bu yaxınlarda Şabran rayonunda cinçıxarma ayini zamanı bir nəfər həlak olmuş və hadisə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilmişdi.

Redaktor.az xəbər verir ki, cəmiyyətdə falçılara, cinçıxardanlara bu qədər etibar hardandır, nəyə görə orta-əsrlərə məxsus məfhumlar hələ də cəmiyyətimizdə mövcudluğunu davam etdirir? Falçılara, baxıcılara, ekstrassenslərə ən çox kimlər müraciət edir və buna təqribən nə qədər ödəyirlər, Bakucity.az-ın növbəti araşdırmasında biləcəksiniz. 

Falçı: “Ailə dağıtmıram, günahdır”

Paytaxtda fala baxmağın əsasən beş növünün yayıldığı iddia edilir; şəxsin üzünə, ovcuna, kofe içdiyi fincana, adına açılan karta və “Quran”a baxmaq kimi metodlar yayğındır. Falçılar həmçinin kimlərinsə pislik etmək məqsədiylə yazdırdığı ayinləri, bağladıqları qıfılları və düyünlədikləri sapları açdıqlarını iddia edirlər. 

Bakıda fəaliyyət göstərən belə baxıcılardan biri bizimlə söhbətində vergili olduğunu və kartla fal açdığını deyib. 3 uşaq anası olan Lyüdmila adlı baxıcı əslən Özbəkistandandır, indi Bakıda Leyla adıyla tanınır və işini necə gördüyünü izah edir: 

“Kartla baxıram, vergiliyəm, amma nisyə iş görmürəm. Nəinki Bakıda və ətraf rayonlarda, hətta Türkiyədə, Amerikada və başqa ölkələrdə də müştərilərim var. Zəng edənin adı və soyadı kifayətdir, bir də fala başlaya bilməm üçün nömrəmə kontur yüklənməsi lazımdır, “iş” böyüsə, pulumun qalanını sonra nağd alıram”.

Baxıcı Leyla deyir ki, kartla falı 5-10 manata açır və hətta 10 dəqiqə sonra insanın başına nə gələcəyini görür:  

“Üstünüzdə ağırlıq, əməl varsa, təmizləməliyəm, bu iş 3-7, bəzən 10 gün çəkir. Yazdıqlarım daşdan keçir, amma ailə dağıtmıram, günahdır! Daimi müştərilərimi 30-50, bəzən də 150 manata, təzələrini isə 300 manata “təmizləyirəm”. “Dil-ağız” bağlamağın qiyməti isə 20 manatdır”.

Gün ərzində 7-10 müştəriyə sadəcə kart açmaqla 50 manatdan çox qazandığını deyən Leylanı, yəni Lüdmilanı bir neçə il öncə Özbəkistandan bir nəfər  evlənmək adıyla aldadaraq Bakıya gətirib, sonra onu atıb. Lüdmila burada 3 övladı ilə birlikdə uzun müddət rəsmi sənədləri olmadan yaşayıb. Öncəgörmə vergisi olduğunu deyən Lüdmila nədənsə Özbəkistandan aldadılaraq Bakıya gətiriləcəyini görməyib.

Falçılıq edən teatr aktrisası

Təqdim edəcəyimiz növbəti falçı xanım müştəriləri arasında “vergili” olmasına görə kifayət qədər məşhurdur. O bir vaxtlar Ağdam Dövlət Dram Teatrının aktrisası olub, adı Cəmilədir. Müştəriləri onu elə bu adla tanıyırlar. 

Telefonda ona özümü müştəri kimi təqdim edib, keçmiş sevgilimi qaytarmaq istədiyimi dedim. O, isə göstərəcəyi xidmət və qiymət haqqında sövdələşdi:

“Sevgilini qaytarmaq üçün 10 gün bəsdir. Sən get qıfıl, ağ-qara sap (dil-ağız bağlamaq üçün), ağ çit parça, bir də xurma (mehr duası üçün) al gəl. Sizə dua yazıb, qıfıllayacam... Həə, bir də onun şəkli, özününki də olsun. Şəkilləri doğrayıb qıfıla dolduracam, aparıb atarsan dənizə, sevgilin ömürlük qayıdacaq. Amma bəri başdan deyim, 50 manatdan az istəmirəm!”

Məşhur Hollivud aktyoru Bert Reynoldsun şəklini götürərək, onun yanına yollandım. Falçı mənim üçün müxtəlif ovsunlar yazdı və bərk-bərk tapşırdı ki, “sevgilimi” birdəfəlik qaytarmaq istəyirəmsə, doğranmış şəkilləri aparıb dənizə atmalıyam. O, heç bilmədi ki, ona “sevgilim” deyə şəklini verdiyim adam çoxdan ölmüş bir məşhur aktyordur. 

“Müştərilərimin əksəriyyəti xaricidir”

Ekstrasens kimi tanınan Almaz Yolçuyeva açıqlamasında yəhudi əsilli bir şəxslə birgə işlədiyini və vasitə kimi heyvanlardan istifadə etdiklərini bildirib:

“Çox vaxt Azərbaycanda olmuram, müştərilərimin əksəriyyəti xaricidir və ya xaricdə yaşayanlardır, amma “iş” gördüyüm heç kimə qiymət də oxumuram, nə versələr odur. Hətta elə adamlar var ki, onlara pulsuz kömək edirəm. Adlarını heç yerdə çəkmədiyim tanınmış adamlar yanıma gəlir, kömək edirəm, sonra çıxıb efirdə fala inanmadıqlarını deyirlər. 

Həkim müalicəsinin kursları olduğu kimi, bizim işlərin də öz kursu var. Hər ekstrasensin öz düşərliliyi olur. Elə adam var, ona mənim əlim yox, başqasının əli düşür. Ancaq o, adama “vergili” demək olar ki, o hissiyatı ilə baxır. Amma bəzi ekstrasenslər var, onlar işi götürür, mənə verirlər”.  

50 AZN-ə onlayn fal

Araşdırma zamanı ekstrasens, medium, baxıcı, öncəgörən kimi Azərbaycanda kifayət qədər tanınanların bəzilərilə də əlaqə saxladıq, lakin əksəriyyəti bizimlə söhbətdən boyun qaçırdı. Bəziləri isə, ümumiyyətlə nə zamansa bu sahə ilə məşğul olduqları və ya hal-hazırda fəaliyyət göstərdiklərilə bağlı məlumat verməkdən yayındılar. Hətta bəziləri astroloq, psixoloq və s. kimi fəaliyyətə başladıqlarını dedilər. 

Məşhur ekstrasens Peymanın köməkçisi bildirdi ki, fala onlayn baxmaq üçün 20, qəbul etmək üçün isə 50 AZN alır, iş görmək lazım olanda qiymət dəyişir. Onlayn ödəniş onun bank hesabı vasitəsilə həyata keçirilir. 

Ekstrasens Həsən Həsrətli hal-hazırda yalnız ticarətlə məşğul olduğunu, ara-sıra isə astroloji məlumatlar verdiyini bildirib. 

Tanınmış ekstrasenslərdən Nadim Əlixanov, Bayram Nurlu, medium Tamilla Salmanova açıqlama verməkdən boyun qaçırdılar. 

“Cinlər də taktikalarını dəyişiblər, artıq insanlara toxunmurlar”

Parapsixoloq, daha çox da cinçıxardan kimi tanınan Vüsal Mərdinli isə açıqlama verərkən, ixtisasca hüquqşunas və psixoloq olduğunu bildirdi. O, hazırki fəaliyyəti üzrə qeydiyyatdan keçərək vergi ödəyicisi olduğunu qeyd etdi:

“Falçı ilə parapsixoloq başqadır, mən fala baxmıram, öncəgörən də deyiləm.  Bakıda ən ucuz psixoloqam, 20 manata müayinə edib 2-3 seansa sağaldıram. Bəzən insana nəzər dəyir, başqasının gücünü, enerjisini aldığına görə halsızlaşır, qarabasmaları olur. Eqzorsizm, dualardan və başqa üsullardan istifadə edərək kömək edirəm. Müraciət edənlər arasında, tanınmış insanlar, məmurlar, millət vəkilləri və ailələri, ziyalılar var, amma adlarını çəkə bilmərəm”.

Bu insanlara ilkin diaqnozu kim qoyur? - sualına isə o, belə cavab verdi:

“Psixoloq, nevropatoloq, psixoterapevt yanına gedib diaqnoz ala bilməyənlər mənim yanıma gəlirlər. Ancaq son 2 ildir ki, eqzorsizm sahəsində fəaliyyət bütün dünyada yoxdur. Çünki cinlər də taktikalarını dəyişiblər, artıq insanlara toxunmurlar”. 

Tezliklə Kanadaya köçəcəyini bildirən Mərdinli sonda hədiyyə məsələsindən gileylənib: “Gördüyün işlərə görə bizim insanlardan bahalı hədiyyələr gözləməyə dəyməz. Bunu başda ərəblər olmaqla, ruslar və başqa millətlər edir”. 

Psixoloqlar öncəgörmə ilə bağlı nə deyir?

Məsələ barəsində psixoloq münasibətini öyrənmək üçün mütəxəssis Ramidə Oktayqızı ilə əlaqə saxladıq. O, adətən insanları danışaraq cəlb edən baxıcıların psixoloji məqamlarına aydınlıq gətirdi:

“Falçılar bir qayda olaraq ünsiyyət çətinliyi yaşayan, tənhalığa meyilli, psixoloji problemləri olan, adətən ailələri tərəfindən dəstəklənməyən, hətta alçaldılan tiplərdir ki, müəyyən travmalardan sonra özlərini fərqli, yəni gələcəyi görən, “vergili” insanlar olduqlarına inanırlar. Belələri bir müddət tənhalığa çəkilərək qeyri-adi hərəkətlər etməklə və danışmaqla ətraflarının diqqətini çəkməyə nail olurlar. Təbii ki, onların fəaliyyətində ən vacib  məsələ maddi vəziyyətin yaxşılaşdırılmasıdır”.

Falçı yanına kimlər gedir?

Ramidə xanımın sözlərinə görə, falçılara əsasən çarəsizlik sindromu yaşayan və özünəinamsız insanlar müraciət edir, bləliklə də, asanlıqla falçıların şikarına çevrilirlər:

“Falçılar onlara heç bir yeni məlumat vermir. Məlumatı falçı yanına gedən şəxsin özü verir, falabaxan isə məharətlə onun iç dünyasına baş vurub aldığı məlumatlara əsasən fikir söyləyir və təsdiqini həmin insanın özündən alır. Çünki illərin təcrübəsinə yiyələnən falçılar insanın xarakterik xüsusiyyətlərini az da olsa mənimsəməyə nail olurlar”.

Psixoloq xəbərdarlıq edir ki, falçının dedikləri ilə razılaşanların şüuraltına onu narahat edən problemin həll olunduğu inancı oturur. O, baş verəcək hadisələrin falçının, öncəgörənin vasitəsilə həyata keçdiyini zənn edir.

"Maraqlıdır ki, hətta melanxolik tipli insanlar da onların dediyi hər sözə canla-başla razı olurlar. Bu kimi hallar davamlı xarakter aldıqda, insanın həyata münasibəti getdikcə dəyişir, onda asılılıq və depresiv hallar yaşanır”.

Ramidə xanım sonda bunu da vurğulayır ki, çıxılmaz mənəvi duruma görə, falçılara daimi müraciət edən zəif iradəli şəxslərdə çətin vəziyyətə tab gətirməmək, hətta intihar halları belə baş verə bilər. 

Mütəxəssislərə müraciət edin

Mütəxəssislər vətəndaşların falçıların, baxıcıların, ekstrasenslərin tələsinə düşməməyi məsləhət görürlər. Həyati çətinliklərin aradan qaldırılması üçün emosional intellektin artırılması, daha çıxılmaz vəziyyətlərdə isə psixologiya sahəsində çalışan mütəxəssislərə müraciət etmək məsləhət görülür. Belə müalicə metodları həm daha effektiv olur, həm də vətəndaş özünü pul tələsinə düşməkdən xilas edir. //BakuCity.az