Dədə Qorqud dastanını Qazaxıstan niyə öz adına çıxarır...

 13:35 27.10.2021     1542

Bu ilin aprel ayında Türkiyənin TRT kanalında belə bir xəbər getdi. “Qazaxıstanla birgə “Korkıt Ata” (Dədə Qorqud) tarixi filminin çəkilişləri ilə bağlı danışıqlar aparılır.” İstanbulda keçirilən Türk Şurası Media Forumunda məlumat verilib bu barədə də. Razıyam, “Dədə Qorqud” dastanında təsvir olunan yerlərə, ad və toponimlərə Azərbaycan, Qazaxıstan, Türkiyə, hətta Macarıstanda da rast gəlmək mümkündür. Hətta Krım və digər türk yurdları da dastanda adları çəkilir. Türkiyə və Qazaxıstan tərəfi bunu belə əsaslandırılar “türk dünyasının öz ortaq dəyərlərini birlikdə qorumaq və inkişaf etdirmək”. Bu bəlkə də məni narahat etməzdi, lakin Azərbaycan coğrafiyasına və tarixinə aid olan Tomris haqqında filmi çəkən Qazaxıstan orda bir cümlə belə Azərbaycan barədə söz açmırlar. Bu film sanki Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqların hökmranı olan Tomris haqqında deyil, Qazax səhraları da böyümüş qadın barədə çəkilib. Bu Azərbaycan tarixinin oğurlanmasıdır. Bu barədə Tarixin atası sayılan Herodot doqquz hissədən ibarət “Tarix” əsərinə baxmaq kifayətdir. Əsərdə Əhəməni hökmdarı Kirin Araz çayından şimalda yerləşən (müasir Azərbaycan respublikası ərazisində) Massaget çarlığına yürüşü zamanı öldürüldüyü barədə məlumat vermişdi. “Tarix” kitabının bir neçə səhifəsini massagetlərə həsr etmiş Heredot yazırdı: “Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar”. Massagetlərin Orta Asiyada yaşaması fikrinin yaranmasının əsas səbəbi Herodotun ingiliscə çapının düzgün anlaşılmamasıdır. Halbuki, orijinala yaxın tərcümələrə diqqət yetirdikdə belə məlum olur ki, Massagetlər Xəzər dənizinin şərqindəki düzənliklərdə deyil, Qafqaz dağlarından şərqə tərəfdəki düzənlikdə yaşayırlar.

Amma filmdə bu barədə fikir belə səslənmir... nə Araz çayı, nə də Azərbaycanın...

Məhz buna görə Qazaxıstanın Türkiyə ilə birgə çəkəcəyi “Korkıt Ata” serialının da çox böyük ehtimalla Azərbaycandan uzaqlaşdırıb Qazaxlara bağlamağa cəhd edəcəklər. İlk öncə məhşur şərqşünas V.V.Bartoldun fikirinə istinad verək “O, dastanın coğrafi koordinatlarını məhz Qafqaz mühiti ilə əlaqələndirir və belə qənaətə gəlir ki, Dədə Qorqud adı ilə bağlı olan dastanın Qafqaz mühitindən kənarda yaranması qeyri-mümkündür” (“Турецкий эпос и Кавказ. Книга моего Деда Коркута. М.-Л., 1962, стр.19-129).

Oğuz xaqanın, Bayandır xaqanın, Sunkur bəyin, Şəktur xanın, habelə Qıpçaq xanın və başqalarının fəaliyyət mərkəzi – onların əsas məkanları, başlıca oylaqları Göyçə gölü ətrafı, Qarabağ qışlağı, Alagöz yaylaqları, Əlincə qalasının olduğu yerlər, qədim Azərbaycan torpaqlarıdır. Hər iki bölgə tarix boyu oğuzların sıx-sıx yaşadıqları coğrafi məkan sayıldığından o yerlərdə Dədə Qorqud boylarına məxsus çeşid-çeşid adlar və ünvanlar dövrümüzdə də özünü qoruyub yaşatmaqdadır. Kitabi Dədə Qorqud eposunda Uruzbek adı çəkilir. Bu ad albanlarda geniş yayılmışdır və e.ə. I əsrin 60-cı illərində alban çarı Oroz, Oroys başqa qədim türkdilli xalqlardakı Oruz, Uruz, Orus şəxs adları ilə müqayisə oluna bilər.

Türkiyəli tədqiqatçı Ergin “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindəki əlyazmada hər iki halda “alpanlar” yazıldığını bildirmişdir. Kitabda “alpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eramızdan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır. Dədə Qorqud dastanını tədqiq edən yerli və xarici alimlərin yekdil fikiri belədir ki, “Dastanda Azərbaycanın tarixi coğrafiyası, oğuz-qıpçaq kökü, əski xaqan və şah idarə üsulundan ibarət qədim türk dövlət quruculuğu əks etdirilir, ordu quruluşu və hərbi-döyüş sistemi, sərhəd qoruyuculuq institutu haqqında bilgi verilir, ailə-əxlaq-tərbiyə mənzərəsi canlandırılır, ölkənin demoqrafik vəziyyəti ilə bağlı dövlət qayğısından danışılır, dövlətin insan şəxsiyyətini qiymətləndirməsindən söz açılır, dilimizin bugünkü əsas lüğət fondu və qrammatik quruluşu ilə tarixin çox dərinliyinə getdiyi təsdiqlənir və çoxsaylı məlumatları özündə əks etdirir.”

Kitabi-Dədə Qorqud dastanından görünür ki, müxtəlif dinlərin hakim olduğu zamanlarda dastana yeni boylar əlavə olunub. Burada biz şamanizm, totemizm əlamətlərinə də rast gəlirik. Dastan X-XI əsrlərdə yazıya alınarkən islam dininin təsirinə məruz qalıb. Dastanda təsvir olunan adət-ənənələr, əxlaq normaları və s. də abidənin islam dininin qəbulundan əvvəl yaranmasını sübut edir. Məsələn, qızın ova çıxması, at çapıb ox atmaqda yarışması, gürz tutub güləşməsi, ərə getmək istədiyi oğlanı yoxlaması, döyüşdə ərinə kömək etməsi islamdan qabaqkı adətdir. Dastanın üzünü köçürən şəxslər islam dini ilə bağlı bəzi epizodlar əlavə ediblər. Hətta onlar Dədə Qorqudu daha çox diqqətəşayan etmək istədiklərindən onun Məhəmməd Peyğəmbərlə görüşməsi anından bəhs etmişlər. Onlar bunu etməklə Dədə Qorqudun əsl kimliyini gizlətmişlər.

Bu barədə çox yazmaq olar, lakin həqiqəti dəyişmək mümkün deyil. Azərbaycan coğrafiyasına daxil olan Oğuzların və Dədə Qorqudun Qazaxıstan tərəfindən özünüküləşdirilməsi Azərbaycanın böyük bir tarixinin əlindən alınmasıdır. TRT və Qazaxıstan tərəfi bu serialı hansı ssenari və Dədə Qorqudun hansı coğrafiyada yaşamasını mütləq şəkildə gizlədəcəklər. Tomrisin başına gələn eynu hadisə də Dədə Qorqudun başına gələcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin məhz birbaşa göstərişi ilə, UNESCO-nun Parisdəki Baş qərargahında "Dədə Qorqud irsi və türk dünyası" mövzusunda beynəlxalq simpoziumun keçirilməsi də onu göstərir ki, dövlət başçısı tarixi irsimizə sahib çıxır. Amma bu barədə Mədəniyyət Nazirliyi və bizim TV kanallar ciddi addımlar ortaya çıxmır. Sanki kimlərinsə marağındadır ki, Tomris kimi Dədə Qorqud da bizim tariximizdən silinsin. Niyə bizim tarixi keçmişimizə sahiblənmir qurumlar. ELmi müəsissələr, Tv kanallar, Nazirliklər...Niyə də...?

Azərbaycanda akademik səviyyədə Dədə Qorqud dastanını araşdıran alimlərimiz olub, indi də var. Onların içində xüsusilə dostum Bayram Quliyev qeyd etmək istərdim. Onun “Kitabi Dədəm Qorqud və onun türkmən səhra nüsxəsi” kitabı akademik səviyyədə çıxan ən uğurlu araşdırmadır. Bu gün Türkiyə alimləri Bayram Quliyev-ə istinadlar verirlər. Niyə məhz bu cürə alimlərin Qazaxıstan və Türkiyənin çəkdikləri bu serialın ssenarisinə nəzər salmağa yaxud iştirak etməyə dəvət edilməsini Mədəniyyət Nazirliyi həyata keçirmir?

Zaur Əliyev, dosent

22