May ayında niyə toy olmur?

 17:55 12.05.2023     883

Yer üzündə mövcud olan digər xalqlar kimi Azərbaycan xalqının da özünəməxsus adət-ənənələri var. Bunların bəzilərinin  etimologiyası bəlli olsa da, bəzilərinin yaranma səbəbi unudulub.  Bu adətlərin arasında hansısa aylarla və fəsillərlə bağlı inanclar da var.

Təbiətdə ilin bütün fəsilləri, bütün ayları gözəldir. Qışın öz cazibəsi, yazın öz ləzzəti. 

Soyuq qışdan çıxmış insanlar yazı sonsuz  sevinclə qarşılayırlar. Yaz gələr-gəlməz toy-düyünlər başlayar, aprel ayının  sonuna kimi bu büsat davam edər. Lakin may ayı girən kimi, bu şadyanalığa birdən-birə fasilə verilir. Hamı toy  etməyə  qorxar.

Təəccüblüdür. Təbiətdə ən gözəl hava elə may ayında olur. Bəs niyə insanlarımız təbiətin gözəl vaxtında, gülün-gülü, bülbülün də-bülbülü çağırdığı bu ayda tinsanlar evində toy çaldırmağa ürək etməzlər?

Lakin  may ayında doğulanlar, ad günü keçirənlər, ailə quranlar da az deyil.

Apardığımız müşahidələrimizdən də görmüşük ki, may ayında cəsarət göstərib toy edənlər, xeyir iş görənlər  heç bir pis  hadisə ilə qarşılaşmayıblar. 

Bəs nə üçün böyüklərimiz "mayda toy olmaz" deyirlər?

Görəsən ağsaqqal və ağbirçəklərimizdən may ayı haqqında eşitdiyimiz bu deyim nə ilə bağlıdır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan folklorşünas Seyfəddin Rzasoy bildirdi ki, bu məsələni bir folklorşünas kimi çox geniş şəkildə araşdırıb:

"Müxtəlif regionlarda, müxtəlif bölgələrdə bu məsələ barədə araşdırma aparıb, yaşlı insanlarla söhbət edib, onlara bu barədə sual vermişəm? Çox maraqlı cavab əldə etdim. Din xadimləri ilə, ilahiyyatçılarla söhbətdən sonra məlum oldu ki, İslam dinində və bizim şəriətimizdə ümumiyyətlə may ayında, yəni ilin bu dövründə toy etməməklə bağlı heç bir qadağa yoxdur.

Müxtəlif bölgələrdən olan yaşlı insanlarla söhbət edəndən sonra məlum oldu ki, bu məsələ ermənilərlə bağlıdır. Ermənilər bunu Bakıda xüsusilə uydurublar və şəhərdə bu məsələni yayıblar. Daha sonra onların uydurması rayonlara nüfuz edib. Mənim indi altmışdan yuxarı yaşım var. Özümdə kənddə böyümüşəm. Kəndlərdə heç vaxt may ayında toy etməməklə bağlı anlayış olmayıb. Ümumiyyətlə, götürəndə keçmişlərdə toyları daha çox payız aylarında edərdilər. Onun səbəbi o olardı ki, yazın ilk günlərindən başlayaraq insanlar əkin, biçin, heyvandarlıq işi ilə məşğul olardılar. Əkərdilər, biçərdilər, taxılı suvarardılar, hər şeyi yığardılar və yay ərzində də heyvanlar kökələrdi. Payızda da məhsulu yığıb toy edərdilər".

Folklorşünas onu da əlavə etdi ki, mayın ağır ay olmasını da ermənilər urdurma soyqırımla əlaqələndirirlər:

Guya ki, 1915-ci ildə aprelin 24-də türklər ermənilərə soyqırım ediblər. Və onlar da sonrakı ayı yaz saxlayırlar. Yəni ermənilər bu ayda yas saxlayırlar. Əslində, tarixdə belə bir şey olmayıb. Bu, yalançı bir hadisədir. Tamamilə Birinci Dünya müharibəsində öz etdikləri xəyanətlərinin qurbanı olublar. Ermənilər bizimkiləri inandırıblar ki, “May ağır aydır”, “May ayında toy edən insan xoşbəxt olmaz”, “Mayın ağırlığı var”. Bunu ona görə ediblər ki, onların uydurma soyqırım nağılına inananaq, onlarla birlikdə yas saxlayıaq. Bunu mən tədqiq edəndən sonra gördüm ki, rayonlarda bu adət yoxdur. Məsələn, mən Biləsuvarda böyümüşəm və bizim tərəflərdə qətiyyən belə bir şey yoxdu ki, may ayında toy olmasın. Əksinə, biz tərəflərdə toylar elə mayda qızışardı. Mən bunu 10 il bundan əvvəl televiziya vasitəsilə də elan elədim. İslamda da, Azərbaycan xalqının adətləri arasında may ayında toy etməklə bağlı heç bir qadağa yoxdur".

Astroloq Səbuhi Rəhimli də məsələyə münasibətini bildirdi:

"Ağır nəyə deyirlər? May ayında hansı ağır hadisə olur? Mən o vaxt bir məqalə işləyirdim, həm həkimlərlə, həm də coğrafiyaçılarla araşdırdım. May ayında hər şey, hətta hava da çox gözəl olur. Belə götürəndə allergik bir şey də yoxdur... Şəxsən mənə desələr hansı ayı toy üçün istəməzsən. Mən avqust deyərəm, çünki istidə yeməklər xarab olur. Yəni uşaq dünyaya gətirmək, uşağın təməlini qoymaq baxımından da qeyri-adi bir şey deyil. Astroloji baxımdan yanaşanda da ayın 20-ə qədər buğa bürcünə, sonra əkizlər bürcünə təsadüf edir. Əkizlər ünsiyyət, davranış, əlaqə üçün yaxşıdır. Buğa bürcü də bərəkət, işgüzarlıq, yeni işin təməlin qoymaq, münasibətlərin təməlini qoymaq üçün əlverişlidir. Sonra araşdırdım, bu hara getdi çıxdı. Deməli, hər il aprelin 24-də ermənilər yalançı soyqırım ənənəsinin ildönümünü keçirirlər. Bakıda da kifayət qədər vəzifədə olan ermənilər var idi. Üstəlik də 1918-ci ildə Bakıda qırğın edənləri Sovet hakimiyyəti gələndən sonra böyük əksəriyyətini vəzifəyə qoydular. Bakıda, Şamaxıda qırğın törədənləri vəzifəyə qoydular və təbii ki, onların təbliğat maşını bizimkindən güclü idi. 24 apreldən sonra 40 gün də matəm saxlamaq bütün may ayını əhatə edirdi.

Qafiyə tapırlar: “May ayı boşdur”, “May ayı vay ayıdır”. İndi biz fevrala vay ayı deyək ki, bu ayda Xocalı soyqırımı olub yaxud 20 Yanvar. Kiminsə tanışı may ayında evlənib, sonra boşanıbsa deməli bu ağır aydır? Guya başqa ayda evlənən boşanmır? Mənim və yaxud başqasının adına niyə belə danışırlar? Bu hamısı boş şeylərdir. Mənə bu barədə deyiləndə, Əvvəla, o kimsə deyəndə deyirlər filan şey filandı. Deyirəm, kim deyir? Mənbə göstər. Görürsən ortada heç nə yoxdur".

Mövzu ilə bağlı saytımıza danışan ilahiyyatçı Elşad Miri də qeyd etdi ki, İslamda elə bir qayda yoxdur:

"Bunlar sonradan uydurulmuş, heç bir əsası olmayan, mənasız, anlamsız məsələlərdir. Bunun dinlə yaxından uzaqdan əlaqəsi yoxdur. Kim hansı vaxta istəyir, o vaxtda da toyunu edə bilər".

Həmidə İbrahimli