Zaman səyahətinin sübutu rəsm əsərində tapıldı

 10:58 07.06.2023     411

Sui-qəsd nəzəriyyəçiləri 1937-ci ildə ABŞ-da yaradılmış divar rəsmində zamanda səyahətə dair sübutlar tapıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Massaçusets ştatının Sprinqfild şəhərindəki poçt idarəsinin binasını bəzəyən altı divar rəsmindən birində qəribə smartfona bənzər obyekt tapılıb. Rəssam Umberto Romanonun çəkdiyi rəsm təxminən 1620-ci ildə gələcək şəhərin ərazisinə ingilis kolonistlərinin gəlişini təsvir edir. Onun üzərində hindlilər arasında məşhur naviqator və xəz taciri Uilyam Pynçon dayanır. Göründüyü kimi, süjet ticarət prosesini təsvir edir. Bununla belə, Pynçonun sağında oturan yerli sakinlərdən biri əllərində müasir smartfona bənzəyən qəribə düzbucaqlı obyekti göz səviyyəsində saxlayır.

Ancaq Romanonun yaradıcılığını tədqiq edən sənətşünas və yazıçı Daniel Krovn hindlinin əlində adi güzgü tutduğunu irəli sürüb.

“Çox güman ki, onun əlində avropalıların gətirdiyi əşya, məsələn, güzgü var. Güzgülər köçkünlərlə ticarət zamanı tez-tez alqı-satqıya məruz qalırdı”,-deyə Krovn qeyd edib.

Bu izahat hər kəsi inandırmayıb. Bəzi internet istifadəçiləri hələ də əmindirlər ki, rəsmdəki qəribə detallar zamanda səyahətin sübutlarından biri sayıla bilər.

Xatırladaq ki, daha əvvəl, sənətsevərlər 1882-ci ildə çəkilmiş rəsmdə smartfon aşkar ediblər. Oymada şair Robert Börns və sevgilisinin əllərində qəribə düzbucaqlı əşyanın olduğu əks olunub.

Arzu İSMAYIL