Bu ölkənin qızları ilə evlənən 2500 dollar alacaq? - YENİLƏNİB

 16:29 17.06.2023     2632

"İslandiyalı qızlarla evlənən kişilərə hər ay 2500 dollar pul verilir".

Redaktor.az xəbər verir ki, belə bir başlıqlı xəbəri Azərbaycanda fəaliyyət göstərən "azerforum" saytı dərc edib.

"Yəni bizdəki kimi deyil, başlıq pulu, elçilik, üzük, xına, üzə çıxdı, başa çıxdı, sillə vurdu, nişan, bayram, toy və axırda da...

Qızlar kişilərdən heçnə tələb etmir. Ancaq şirin söz istəyir.

İslandiyalı qızların da ən çox sevdikləri müsəlman-azəri kişiləridir" - deyə sayt yazıb.

Redaktor.az-ın əməkdaşı internetdə axtarış apardıqda bu xəbərin yalan olduğunu aşkarladı. Hələ 2016-cı ildə sosial mediada İslandiyanın mühacirlərə öz qadınları ilə evlənmək üçün ayda 5 min dollar təklif etdiyi ilə bağlı qəribə iddialar səslənib.

“Funk You” Facebook səhifəsi “Tales cart” adlı internet saytından məqalə paylaşıb və “Cənnət çağırır” başlığını yazıb. Məqalə “İslandiya, qadınları ilə evlənmək üçün əcnəbilərə pul təklif edir – niyə belədir” başlığı ilə dərc olunub.

Lakin elə həmin vaxt İslandiya Xarici İşlər Nazirliyi əcnəbi kişilərə islandiyalı qadınlarla evlənmək üçün ayda 5 min dollar ödəmək təklifinin yalan olduğunu bildirib.

Qeyd edək ki, İslandiyada gender balanssızlığı yoxdur. "CIA World Factbook"un rəqəmlərinə görə, əslində, ölkənin kişi və qadın əhalisi demək olar ki, eynidir.

Turan İSMAYIL