Madonna xəstəlikdən sonra ilk dünya turuna çıxır
Bir müddət əvvəl xəstəxanalıq olan amerikalı müğənni Madonna “Celebration” adlı dünya turunun yeni tarixlərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat müğənninin rəsmi saytında paylaşılıb.
Bildirilir ki, müğənninin yaradıcılıq karyerasının 40 illiyinə həsr olunan “Celebration” turnesi rəsmi olaraq cari ilin oktyabrında Londonda konsertlə başlayacaq. Bunun ardınca isə 2023-cü ilin sonuna qədər Belçika, Danimarka, İsveç, İspaniya, Portuqaliya, Fransa, Almaniya, İtaliya və Niderlandda konsertlər təşkil ediləcək.
Şimali Amerikada planlaşdırılan konsertlər isə bu ilin dekabrın 13-dən başlayacaq.
Qeyd edək ki, ilk olaraq turnenin iyul ayının ortalarında başlaması planlaşdırılırdı. Lakin Maddonnanın xəstəliyi səbəbindən turnenin vaxtı dəyişdirilib.
Xatırladaq ki, iyunun sonlarında evində huşsuz vəziyyətdə tapılan Madonna reanimasiyaya yerləşdirilmişdi. Ona bakterial infeksiya diaqnozu qoyulmuşdu. Müğənni daha sonra evə buraxılmışdı.