Pilot gecəni timsahlarla dolu bataqlıqda belə keçirdi - FOTO

 13:50 03.11.2023     405

Amerikada qəzaya uğrayan təyyarənin pilotu gecəni timsahlarla dolu bataqlıqda keçirib.

Redaktor.az bu barədə "USA Today"ə istinadən xəbər verir.

Amerikalı pilot Floridanın cənubunda timsahlarla dolu bataqlığa düşən yüngül təyyarəsinin qanadında doqquz saat qalmalı olub.

Təyyarə oktyabrın 31-də səhər saat üç radələrində Okeechobee hava limanından qalxıb və bir saat sonra göyərtəsində texniki problemlər yarandığı üçün Everqleydlər Milli Parkına sərt eniş etməyə məcbur olub.

Pilot ayağından zədə aldığı üçün köynəyindən turniket düzəldərək təyyarənin qanadında oturaraq gözləyib. Təyyarənin böyük hissəsi su altında qaldığından o, təcili yardım xidmətləri ilə əlaqə saxlaya bilməyib. Zərərçəkənin yaxınları həyəcan təbili çalıb və onlar xilasedicilərlə əlaqə saxlayıblar.

Xilasedicilər səhər saatlarında əraziyə havadan baxış keçirib və bir neçə saat sonra təyyarənin qəzaya uğradığı yeri aşkar ediblər. Pilot xilas edilərək xəstəxanaya aparılıb.

O, "timsahlar, ağcaqanadlar və başqa hər şey" arasında cəmi doqquz saat keçirməli olub.

NƏRGİZ