Siçanlar xəyal gücünə sahib imiş - ARAŞDIRMA

 10:13 04.11.2023     336

"Siçanların düşüncələri çox uzaq yerlərə gedə bilər".

Redaktor.az "İndependent Turkish"ə istinadla xəbər verir ki, amerikalı tədqiqatçılar siçanların daxili düşüncələrini öyrənmək üçün virtual reallıq və beyin-maşın interfeysini birləşdirən yeni sistem hazırlayıb.

Howard Hughes Tibb İnstitutunun tədqiqatçılarının tapıntıları siçanların da müəyyən təsəvvürlərə malik olduğunu göstərir.

“Science” elmi jurnalında dərc olunan tədqiqat məqaləsində iddia edilir ki, beynin hipokampus adlanan bölgəsi əvvəllər araşdırılmış mühitləri göstərən bir növ zehni xəritəyə bənzəyir.

Belə ki, insan yenidən bu mühitdə olduqda, beyindəki müəyyən neyronlar hərəkətə keçir.

İnsanlarda olduğu kimi, gəmiricilər müəyyən yerləri ziyarət etdikdə və müəyyən hadisələrlə qarşılaşdıqda, beynin məkan yaddaşına cavabdeh olan hipokampus bölgəsində sinir fəaliyyəti baş verir.

Digər tərəfdən, insanlar özlərini artıq getdikləri yerlərdə, məsələn, iş yerinin dəhlizlərində dolaşdıqlarını da təsəvvür edə bilərlər.

Siçanların eyni şeyi edə biləcəyini öyrənmək istəyən elm adamları cərrahi yolla heyvanların beyninə elektrodlar yerləşdiriblər.

Daha sonra tədqiqatçılar siçanlara bir sıra tapşırıqlar veriblər və heyvanların beyin fəaliyyətini müşahidə edərək onların fikirlərini izləyiblər.

Nəticələr göstərib ki, siçanların da uzaq yerləri yadda saxlamaq üçün eyni sinir fəaliyyəti avtomatik olaraq yarana bilir.

Həmidə İBRAHİMLİ