Hər gün sosial şəbəkələrə 30 dəqiqə fasilə versək orqanizmdə nə baş verər? – Tədqiqatçılar araşdırdı

 14:59 19.12.2023     293

Ruhr Universiteti və Alman Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsir etdiyi məlum olub.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, "Behaviour and Information Technology" jurnalında dərc olunan araşdırma çərçivəsində 166 iştirakçı 2 qrupa bölünüb.

Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib. Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirdiyi halda, ikinci qrup bir həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb. Aparılan araşdırmalar nəticəsində, ikinci qrupda olan insanlarda çox işləmək hissləri və işdən çıxarılmaq qorxusu azalıb, öz işinə daha çox fokuslanaraq, psixoloji cəhətdən özlərini daha yaxşı hiss etdikləri məlum olub.

Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti Julia Brailovskaia araşdırmanın nəticəsini belə şərh edib:

“Beynimiz daimi diqqəti yayındıran amillərin, xüsusən də diqqətimizi qarşıya qoyulan işdən yayındıranların öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial media hesablarını yoxlamaq üçün işini daim yarımçıq saxlayan insanlar daha çətin anlar yaşayırlar”.

İlahə HÜSEYNLİ