Evlilik təklifi üçün Romaya getdilər, “yox” cavabı aldı - VİDEO

 17:27 28.12.2023     280

İtaliyanın paytaxtı və ən böyük şəhəri Romada romantik evlilik təklifi böyük fiasko ilə nəticələnib. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, turistlərin ən çox sevdiyi yerlərdən biri olan Roma bu dəfə böyük xəyal qırıqlığı ilə dünya gündəminə düşüb. 

Bayram ərəfəsində yaşanan bir hadisənin görüntüləri sosial şəbəkəyə yüklənib. Belə ki, TikTok-da 13 milyondan çox izlənilən videodakı "bədbəxt Romeo"nun adının Valerio olduğu məlum olub. 

Valerio sevgilisini romantik sürpriz üçün Romaya aparıb və onunla məşhur “Via dei Condotti” küçəsinin işıqları altında rəqs edib. Rəqsin sonunda Valerio yerdə diz çökərək gizlətdiyi nişan üzüyünü çıxarıb və küçədə hər kəsin gözü qarşısında sevgilisinə evlilik təklifi edib. Alqış sədaları yüksəldiyi zaman sevgilisindən ayağa qalxmasını istəyən gənc qızın hərəkətləri qəfildən qəribələşib. Hər şeydən xəbərsiz olan gənc qadın sevgilisinə italyanca "Bunu gözləmirdim. Hazır deyildim. Romaya gəlməyimizin səbəbi bumu?",-deyə soruşub. Ətrafdakı camaat “hə, hə” deyə qışqırarkən, diz üstə duran Valerio “Hə,yox?” soruşub. Sevgilisi isə "yox" cavabını verib. 

Qadının evlilik təklifini rədd etməsi sosial medianı iki yerə bölüb. İstifadəçilərdən biri “Hamının gözü qarşısında edilən evlilik təklifləri ancaq qadınlara təzyiq göstərmək üçündür” şərhini yazıb. Başqa bir istifadəçi isə "Hər kəs “hə” deməsi üçün ona təzyiq edəndə “yox” demək cəsarətinə heyran oldum. Bu şantaj idi və o, buna boyun əymədi" deyərək onu dəstəkləyib. Bəzi istifadəçilər evlilik təklifinin qondarma olduğunu və cütlüyün diqqət çəkməyə çalışdığını iddia edib.(qafqazinfo)